ELM VƏ TƏHSİL


Hüseyn Cavid vəfatının 81-ci ildönümündə anılıb

Bakı, 5 dekabr, AZƏRTAC

Dekabrın 5-i görkəmli Azərbaycan şairi və dramaturqu, mütəfəkkir sənətkar Hüseyn Cavidin buzlu Sibirdə, ailəsindən uzaqlarda əbədiyyətə qovuşduğu tarixdir. Bu münasibətlə Hüseyn Cavidin ev-muzeyində “Əbədi Cavid” sənəd və kitab sərgisinin təqdimat mərasimi olub.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.

Mərasimdə muzeyin baş direktoru filologiya elmləri doktoru Gülbəniz Babaxanlı çıxış edərək bildirib ki, Hüseyn Cavid 81 il öncə Sibirdə, İrkutsk vilayətində vəfat edib. 1956-cı ildə ona bəraət verilib.

Ulu öndər Heydər Əliyev tərəfindən görkəmli şair Hüseyn Cavidin ədəbi irsinə xüsusi diqqət göstərildiyini qeyd edən G.Babaxanlı böyük sənətkarın xatirəsinin əbədiləşdirilməsi, ölməz irsinin elmi tədqiqi və təbliği istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə Cavidin nəşi uzaq Sibirdən Vətənə gətirilib və ata yurdu Naxçıvanda torpağa tapşırılıb.

1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın xahişi və təkidi ilə hakimiyyətə qayıdışından sonra Cavidin Naxçıvanda məqbərəsi inşa edilib, Bakıda yaradılan Hüseyn Cavidin ev-muzeyi fəaliyyətə başlayıb və digər əhəmiyyətli tədbirlər reallaşdırılıb. Hüseyn Cavidin ev-muzeyi fəaliyyətə başladığı gündən böyük sənətkarın həyat və yaradıcılığının tədqiqi və təbliği sahəsində mühüm işlər görülüb, onun külliyyatı orijinal mətni əsasında bərpa və nəşr etdirilib. Muzey Cavidlər irsinin tədqiq və təbliği istiqamətində də müxtəlif tədbirlər həyata keçirib.

Sonra tədbir iştirakçıları muzeyin Elmi ekspozisiya şöbəsinin hazırladığı “Əbədi Cavid” sənəd və kitab sərgisi ilə tanış olublar. Sərgilənən materiallar arasında Cavidin əlyazmaları və nəşinin Sibirdən Vətənə gətirilməsini əks etdirən sənədlər xüsusi maraq doğurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.