ELM VƏ TƏHSİL
Hüseyn Cavidə həsr olunan məqalə beynəlxalq jurnalda dərc edilib
Bakı, 19 aprel, AZƏRTAC
Hüseyn Cavidin ev-muzeyinin dissertantı Könül Məhərrəmovanın “Türk ədəbiyyatı ənənələrinin Hüseyn Cavid yaradıcılığına təsiri” adlı türk dilində məqaləsi Almaniyada nəşr olunan nüfuzlu elmi jurnalda dərc olunub.
Muzeydən AZƏRTAC-a bildirilib ki, “Türklərin dünyası” (“Zeitschrift für die Welt der Türken”) adlı jurnalın növbəti sayında dərc olunan məqalədə dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavid yaradıcılığının Türkiyə ədəbiyyatı nümunələri ilə müqayisəsi və yeni dövr türk ədəbiyyatının, onun görkəmli nümayəndələrinin Hüseyn Cavidin bədii irsinə təsiri məsələsi araşdırma obyektinə çevrilib.
Müəllif qeyd edib ki, çağdaş Türkiyə ədəbiyyatşünaslığında Hüseyn Cavid haqqında tədqiqatlar əhəmiyyətli dərəcədə artıb və bu araşdırmalarda onun əsərlərinin, fəlsəfi düşüncələrinin türk ədibləri ilə müqayisəli təhlilinə geniş yer verilib. Cavid əsərlərində görkəmli türk şairləri Namiq Kamal, Əbdülhaq Hamid, Məhməd Akif Ərsoy, Tofiq Fikrət və digərlərinin yaradıcılığı ilə ortaq xüsusiyyətlərin mövcudluğunu diqqətə çatdıran K.Məhərrəmova belə qənaətə gəlib ki, bir müddət Türkiyədə yaşayıb təhsil alan dahi sənətkarın əsərlərində türk şairləri ilə ədəbi oxşarlıqların olması təbiidir. Lakin Cavid yaradıcılığına ümumtürk ədəbiyyatı fonunda ümumi nəzər yetirdikdə onun irsinin hər cəhətdən orijinal və üslubi baxımdan özünəməxsus olduğu bir daha nəzərə çarpır.
Qeyd edək ki, dissertantın elmi rəhbəri Hüseyn Cavidin ev-muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlıdır.