ELM VƏ TƏHSİL


Hüseyn Cavidin “Knyaz” əsəri yenidən nəşrə hazırlanır

Bakı, 25 sentyabr, AZƏRTAC 

Bu il böyük dramaturq Hüseyn Cavidin “Knyaz” faciəsinin ilk dəfə səhnəyə qoyulmasının 90 ili tamam olur. Bu münasibətlə AMEA-nın Hüseyn Cavidin ev-muzeyi əsəri yenidən nəşrə hazırlayır.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, bu yaxınlarda əsər ayrıca kitab halında cavidsevərlərin ixtiyarına veriləcək.

Qeyd edək ki, ədəbiyyatımızda öz dəst-xətti ilə seçilən dramaturq “Knyaz” pyesini 1928-1929-cu illərdə yazıb. Bu əsəri ilə müasirliyə daha da yaxınlaşan müəllif yeni əhvali-ruhiyyəni əks etdirə bilib. Hüseyn Cavidin pyesləri 1920-1930-cu illərdə səhnəmizin inkişafında əvəzsiz rol oynayıb. “Knyaz” pyesi də 1930-cu ildə Azərbaycan Dövlət Akademik Dram Teatrında, Gürcüstanda Tiflis Dövlət Qırmızı Ordu Teatrında və Türkiyədə Türk Bədaye Teatrında tamaşaya qoyulub və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. 1930-cu ildə səhnə həyatına başlayan əsər elmi ədəbiyyatda və Akademik Milli Dram Teatrının bəzi afişa və proqramlarında “Dəli knyaz” adı ilə də verilib.

“Knyaz” pyesi ilk dəfə ədibin qızı Turan Cavidin tərtibi ilə 1968-1971-ci illərdə “Azərbaycan Dövlət Nəşriyyatı”nda nəşr olunan üçcildliyə daxil edilib. Əsər 1968-1970-ci illərdə Naxçıvan Dram Teatrının repertuarına daxil edilib və tamaşaya qoyulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.