ELM VƏ TƏHSİL
Hüseyn Cavidin ev-muzeyinin qadın əməkdaşları təltif olunublar
Bakı, 5 mart, AZƏRTAC
Hüseyn Cavidin ev-muzeyində 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, tədbirdə muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı Azərbaycan tarixində qadınların elmi, ədəbi, ictimai-siyasi həyatdakı rolu haqqında ətraflı məlumat verib. Ölkəmizdə gender bərabərliyinin ən yüksək səviyyədə qorunduğunu, qızların təhsilinə və qadınların çoxşaxəli fəaliyyətinə heç bir əngəl olmadığını, əksinə, geniş imkanlar yaradıldığını vurğulayıb.
Sonra G.Babaxanlı Elmi fondlar şöbəsinin müdiri Cəmilə Rzayevaya və mütəxəssis Almaz Kərimovaya AMEA Humanitar və İctimai Elmlər Bölməsinin fəxri fərmanlarını təqdim edib.
Tədbirdə muzeyin əməkdaşları – Nailə Məmmədli, Mətanət Babayeva, Lalə Əliyeva, Fəridə Azadova, Elina Sadıqova, Nərmin Nərimanova məhsuldar fəaliyyətlərinə görə müəssisənin fəxri fərmanları ilə təltif olunublar.