ELM VƏ TƏHSİL
Hüseyn Cavidin müasirimizə çevrilməsində ulu öndər Heydər Əliyevin böyük xidmətləri olub
Bakı, 13 dekabr, AZƏRTAC
Yeni nəslin düşüncəsində, dünyagörüşündə Cavid obrazının canlanmasında, onun müasirimizə çevrilməsində ulu öndər Heydər Əliyevin böyük xidmətləri olub. Ümummilli Liderin təşəbbüsü ilə 1982-ci ildə dramaturqun nəşinin Azərbaycana gətirilərək doğulduğu Naxçıvan torpağında dəfn edilməsi ədəbiyyatımız, mədəniyyətimiz, xalqımız üçün əlamətdar hadisədir.
AZƏRTAC xəbər verir ki, bunu dekabrın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə görkəmli şair və dramaturq Hüseyn Cavidin 135 illik yubileyinə həsr olunmuş elmi konfransda deyib.
A.Əlizadə konfransın Prezident İlham Əliyevin "Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamına əsasən təşkil olunduğunu bildirib. Qeyd edilib ki, Hüseyn Cavidin yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan ibarət olub.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli dramaturqun yaradıcılığa şeirlə başladığını bildirib. Qeyd edilib ki, 1937-ci ilədək 20-dən çox pyes yazan Cavid Azərbaycan ədəbiyyatında mənzum dramın əsasını qoyub. Onun yaradıcılığındakı fəlsəfi və tarixi faciələri Azərbaycan dramaturgiyasında yeni mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da təsir göstərib. Akademik bildirib ki, Cavid XX əsrdə Azərbaycanda türkçülük məfkurəsini daha yüksək zirvəyə qaldıran böyük ideoloq və bu ideyaları ədəbiyyata gətirən dahi şəxsiyyət olub. Onun yaradıcılığının milli və coğrafi hüdudları, məkan və zaman çərçivəsi yoxdur.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov H.Cavidin düşüncəni bədiiləşdirərək şeirə çevirməsindən danışıb. Bildirilib ki, bu prosesin cavabını onun əlyazmalarında axtarmaq lazımdır.
Sonra AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli "Hüseyn Cavid və klassik irs" mövzusunda məruzə ilə çıxış edib. T.Kərimli vurğulayıb ki, mükəmməl Şərq təhsili alan, Məhəmmədtağı Sidqi kimi böyük bir pedaqoqun təhsil ocağında yetişən, fars dilinə mükəmməl bələd olan, hətta bu dildə bənzərsiz şeirlər yaradan Cavid Qərb mədəniyyətini və ədəbiyyatını da kifayət dərəcədə mənimsəyib, çağdaş səviyyəli mütəfəkkir-şair-dramaturq kimi formalaşıb.
"Hüseyn Cavid yaradıcılığında Şərq-Qərb məsələsi" mövzusunda məruzəsində AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı bildirib ki, əsrlərboyu Şərq və Qərb mədəniyyətləri bir-biri ilə sıx təmasda olub, biri digərindən faydalanıb. Şərqin zəngin ədəbi irsinin Qərbdə həmişə böyük maraq və heyrət doğurduğunu deyən alim, eyni zamanda, Qərb mədəniyyətində baş verən inqilabi islahatların, köklü dəyişikliklərin də Şərq mədəniyyətinə təsir etdiyini vurğulayıb.
Elmi konfrans məruzələrlə davam edib.