SİYASƏT
Hüseyn Paşayev: YAP-ın rayon, şəhər təşkilatları və fəalları Silahlı Qüvvələrə Yardım Fonduna dəstək aksiyasını davam etdirir
Bakı, 6 oktyabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının (YAP) rayon, şəhər təşkilatları və fəalları Silahlı Qüvvələrə Yardım Fonduna dəstək aksiyasını davam etdirir.
AZƏRTAC xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev deyib.
Hüseyn Paşayev Yeni Azərbaycan Partiyasının İcra Katibliyi tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat vəsaitin köçürülməsindən sonra bu vətənpərvər aksiyanın partiyanın rayon, şəhər təşkilatları tərəfindən coşqu ilə davam etdirildiyini bildirib. Qeyd edib ki, təkcə rayon təşkilatlarının deyil, siravi partiya üzvlərinin də fərdi şəkildə iştirak etdiyi bu aksiyanın ali məramı Milli Ordumuza həm də mənəvi dəstəyin ifadəsidir.
O deyib : Azərbaycan Ordusu işğal altındakı ərazilərimizin azad olunması istiqamətində rəşadətli döyüşlər aparır. Biz çox yaxın zamanlarda torpaqlarımızın işğaldan təmizlənməsi sevincini bütün xalqımızla birgə yaşayacağıq. Bu gün hər bir Azərbaycan vətəndaşı Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevə, onun təmkinlə, müdrikliklə və uzaqgörənliklə qurduğu Azərbaycan Ordusunun gücünə, iradəsinə, əsgərlərimizin qəhrəmanlığına və yüksək döyüş ruhuna əmindir. Bu gün hər birimiz Ordumuzla bərabərik, bir yerdəyik, hər addımda ona mənəvi dəstəyimizi ifadə edirik.
Qarabağ Azərbaycandır!
Biz birlikdə güclüyük!”.