CƏMİYYƏT
Hüzn, qəzəb və qürur günü
Bakı, 17 yanvar, AZƏRTAC
Ədliyyə Nazirliyinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Rauf Rzayev Qanlı Yanvar hadisələrinin otuzuncu ildönümü ilə bağlı “Hüzn, qəzəb və qürur günü” sərlövhəli məqalə yazıb. AZƏRTAC məqaləni təqdim edir.
XX əsrdə törədilmiş ən qanlı hadisələr arasında 1990-cı il yanvarın 20-də Azərbaycanda törədilmiş qırğın insanlığa qarşı ən qəddar cinayət sayılır. Hadisələrdən 30 il keçməsinə baxmayaraq, təcavüzə məruz qalmış xalqımız, həmin dəhşətli günlərin acılarını unutmur, təpədən dırnağa qədər silahlanmış sovet qoşunlarının köməyi ilə öz vətəndaşlarına divan tutmuş SSRİ imperiyasının rəhbərlərinə və onların əlaltılarına dərin nifrətini hər zaman bildirir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında” Sərəncam imzalayıb. Dövlətimizin başçısının Sərəncamına əsasən, Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda anım mərasimləri keçirilir.
Azərbaycanın müasir tarixinə xalqımızın ən faciəli günlərindən biri kimi daxil olmuş 1990-cı il 20 yanvar günü, eyni zamanda, müstəqillik salnaməmizin qəhrəmanlıq səhifəsidir. Bu tarixi gün xalqımızın milli müstəqillik və azadlığı uğrunda möhkəm iradə və mübarizə simvolu olmuşdur.
Qara Yanvar hadisələri ortaya atılmış qondarma Dağlıq Qarabağ problemi fonunda yenidənqurma dövründə baş verdi. SSRİ-nin dağılması ərəfəsində öz çirkin planlarını reallaşdırmağa çalışan radikal erməni millətçiləri məqsədlərinə çatmaqda başda oyuncaq Qorbaçov olmaqla sovet rəhbərliyindən bacarıqla istifadə etdilər. Bu məqsədlə erməni planlarının həyata keçirilməsinə güclü mane olan Heydər Əliyevi Siyasi Bürodakı rəhbər vəzifəsindən uzaqlaşdırdılar. Qorbaçovun əli ilə kənarlaşdırılan Heydər Əliyev sovet rejimi qarşısında böyük maneə idi. Bu qərardan sonra erməni separatizminin əlləri açıldı və bütövlükdə erməni lobbisinin planlarına göz yumuldu. Bu hadisələr Azərbaycan xalqının siyasi şüurunun, özünüdərk prosesinin inkişafına mane ola bilmədi və Azərbaycan vətəndaşlarının öz ölkələrinin ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlığını nümayiş etdirdi. Qanlı Yanvar Bakıda müstəqilliyə can atan hər kəs üçün nümunə dərsi oldu.
1990-cı il yanvarın 13-də Bakıda, həmin vaxt Leninin adını daşıyan meydanda Dağlıq Qarabağ və ətraf rayonlarda Azərbaycan əhalisinin təhlükəsizliyini təmin etmək iqtidarında olmadığına görə Azərbaycan Kommunist Partiyasının birinci katibi Əbdürrəhman Vəzirovun istefasını tələb edən mitinqə başlandı.
Yanvarın 17-də isə Ermənistanın Azərbaycana qarşı qanunsuz ərazi iddialarının dayandırılmasını tələb edən kütləvi mitinqə başlanıldı, Dağlıq Qarabağ və Azərbaycanın sərhədyanı rayonlarının ətrafında Sovet qoşunlarının cəmləşməsinə qarşı ümumxalq tətili elan olundu.
Bakı şəhərinə girişdə və Salyan kazarmaları qarnizonunun yerləşdiyi məkan ətrafında avtomaşınlardan barrikadalar quruldu və piketlər təşkil olundu. Yaranmış mürəkkəb vəziyyətlə əlaqədar Sov. İKP MK-nın katibi A.Qirenko, SSRİ Ali Soveti İttifaq Sovetinin sədri Y.Primakov, SSRİ-nin müdafiə naziri D.Yazov, quru qoşunlarının baş komandanı ordu generalı V.Varennikov və digər bir sıra yüksək rütbəli nümayəndələr təcili olaraq Bakıya gəldilər.
Bakıda və onun ətrafında SSRİ Daxili İşlər Nazirliyinin 12 min qoşunu cəmləşdirilmişdi. Əgər onlara “Naxçıvan” mehmanxanasında yerləşdirilmiş Daxili Qoşunların min hərbçisini və Salyan kazarmalarında yerləşdirilmiş bir neçə min əsgər və zabitləri də əlavə etsək aydın olur ki, Bakıda gözlənilən hər hansı bir insidentin qarşısının alınması üçün lazım olduğundan qat-qat daha çox qüvvə var idi. Piketlərə gəlincə, onlar əslində keçilməz sədd deyildilər və simvolik xarakter daşıyırdılar.
Azərbaycanda əhali arasında narazılığın artmasından və siyasi fəallığın yüksəlməsindən qorxuya düşən sovet hökuməti SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 1990-cı il 19 yanvar tarixli xüsusi iclasında respublikada qoşunun yeridilməsi və fövqəladə vəziyyətin tətbiqi haqqında qərar qəbul etdi. Acımasız bir qərar...
Təxminən saat 19:00-da Bakıda aydın olmayan şəraitdə enerji bloku partladıldı. Respublikada teleradio yayımları dayandırıldı. Bunun nəticəsində informasiya qıtlığı yarandı.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu fövqəladə vəziyyət elan etmədən Azərbaycanda hərbi əməliyyatlara başladı. Bakıya SSRİ-nin Müdafiə Nazirliyinin, DTK-nın və Daxili İşlər Nazirliyinin qoşunları yeridildi. Silahsız insanlara hücum edilərək dinc əhaliyə qarşı amansız divan tutuldu. Qadınlar, qocalar, uşaqlar və hətta təcili yardım maşınları gülləboran edildi. Tanklar və ZTR-lər içində insan olan minik maşınlarını amansızcasına altına salıb əzdilər. Xəstəxanalarda yaralılara tibbi yardım göstərmək imkanı olmasın deyə işıqlar söndürülmüşdü. Ağır zirehli texnika Salyan kazarmaları və indiki “20 Yanvar” metrostansiyasının yanındakı piketlərdə yerləşdirilən avtobusları və minik maşınlarını bir anın içində metal yığınına çevirdi. Hərbi əməliyyat nəticəsində yüzlərlə insan qətlə yetirildi, yaralandı və itkin düşdü.
Sovet ordusu hissələrinin Bakıya yeridilməsi Azərbaycan üçün faciə oldu. Həmin vaxt mahiyyət etibarilə Moskva Azərbaycanı itirdi. Həmin dəhşətli gecədə doğma yurdunun və xalqının azadlığını, namusunu və şərəfini hər şeydən yüksək tutan Azərbaycanın vətənpərvər oğul və qızları canlarını fəda edərək şəhidlik zirvəsinə ucaldılar.
Yanvarın 22-də Bakı əhalisi müstəqillik uğrunda mübarizədə qəhrəman kimi həlak olmuş faciə qurbanlarının, şəhid olmuş həmvətənlərimizin ümumxalq dəfninə çıxmışdı (faciə qurbanlarının dəfn edildiyi yer sonradan Şəhidlər xiyabanı adlandırıldı).
Həmin gün hava limanı, dəmir yolu, şəhərlərarası telefon rabitəsi işini dayandıraraq matəm boyu hər saat həyəcan siqnalları səsləndirirdilər. On minlərlə Azərbaycan vətəndaşı xalqın gözü qarşısında Kommunist partiyasına üzvlük biletlərini yandırırdılar. Hadisələrin bir çox fəalı həbs edilmişdi. Azərbaycan KP MK-nın birinci katibi Ə.Vəzirov hələ ordunun yeridilməsindən əvvəl artıq Moskvaya qaçmışdı.
Vətənimiz üçün ən çətin və hüznlü gündə öz xalqının çağırışına ilk cavab verən Azərbaycanın böyük oğlu Heydər Əliyev oldu. Təbiətən prinsipial, dəmir iradəyə malik insan və əsl vətənpərvər olan Heydər Əliyev təqaüddə ola-ola, həmçinin daim üzərində Qorbaçovun nəzarətinin və təzyiqinin olmasına baxmayaraq, xalqına qarşı həyata keçirilmiş cinayətlərə biganə qala bilmədi. Bir başqası bəlkə də o vaxt öz şəxsi, ailəsinin təhlükəsizliyi haqqında düşünərdi, lakin Heydər Əliyev üçün Azərbaycan xalqının maraqları əsas idi və o, baş verənlərə laqeyd qalmadı. Faciənin ertəsi günü o, özünü və ailə üzvlərini təhlükəyə ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi və orada toplaşan soydaşlarımızın qarşısında imperiya rəhbərliyinin hərəkətlərini kəskin tənqid etdi.
Heydər Əliyev açıq bildirmişdi ki, baş vermiş cinayətdə birbaşa mərkəzi hakimiyyət təqsirkardır. Azərbaycan xalqına qarşı həyata keçirilmiş təcavüzü, şəxsən SSRİ rəhbəri M.Qorbaçovu və Azərbaycanın yarıtmaz rəhbərliyini kəskin pisləyərək ordunun Bakıdan təxirəsalınmadan çıxarılmasını tələb etmişdi. Heydər Əliyevin ozamankı çıxışı, onun həmin günlər xarici jurnalistlərə verdiyi müsahibələr olduqca cəsarətli addım idi.
Faktiki olaraq Heydər Əliyevin çıxışı Azərbaycan xalqını talançıların və qatillərin damğalarından qoruyan yeganə müdafiə silahı idi. Heydər Əliyev özünün bütün dünyada eşidilən səsini qaldırmışdı. Dünyanın bütün mətbuat orqanları onun mətbuat konfransındakı çıxışını yaymışdılar. Yalnız bu yolla həmin hadisələr bütün dünyaya məlum oldu. Əks təqdirdə Sovet İttifaqı qapalı bir dövlət kimi bu faciəni əhəmiyyətli dərəcədə gizlədə bilərdi. Bunu yalnız ümummilli lider Heydər Əliyev bacara bildi.
20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymətin verilməsi də məhz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra baş verdi. Heydər Əliyevin Sərəncamına əsasən, yanvarın 20-si həlak olanların xatirəsinə Ümumxalq Hüzn Günü elan edildi.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Milli Məclisə tövsiyə etdi ki, 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət versin. Nəticədə 1994-cü il martın 29-da Milli Məclis yanvar faciəsinə ilk dəfə olaraq dövlət səviyyəsində siyasi-hüquqi qiymət verən “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul etdi. Azərbaycanın müstəqilliyi və suverenliyi naminə həlak olanların xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidentinin 1998-ci il 31 mart tarixli Fərmanı ilə Qanlı Yanvar faciəsində həlak olmuş Azərbaycan vətəndaşlarına “20 Yanvar şəhidi” fəxri adı verildi.
2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Bakının Yasamal rayonun “20 Yanvar” dairəsində faciə qurbanlarının xatirəsinə memorial ucaldıldı. Onun üzərində qızılı hərflərlə 20 yanvar faciəsində ölənlərin ad və soyadları həkk olundu.
20 Yanvar faciəsi nəinki Azərbaycan xalqını sındırmadı, hətta faktiki olaraq ölkənin gələcək taleyini və inkişaf yolunu müəyyənləşdirdi. Danılmaz həqiqətdir ki, ölkəmiz təkcə Cənubi Qafqazda deyil, bütün postsovet məkanında ən uğurlu dövlətdir. Hazırda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamız uğurla inkişaf edir və möhkəmlənir.
İllər keçsə də Azərbaycan xalqı hər zaman həmin faciəli günlərdə öz həyatını ölkənin gələcəyi üçün fəda edənləri minnətdarlıqla xatırlayır. Hər birimizin qürur mənbəyinə çevrilmiş şəhidlərimizin xatirəsini daim uca tutur, xalqımızın tarixinin şərəfli səhifələri ilə fəxr edir. Allah şəhidlərimizə rəhmət eləsin!