İQTİSADİYYAT
Hyundai sınaq yürüşü üçün Qəbələni seçdi
Hyundai-ın Azərbaycandakı rəsmi distribüteri Auto Azərbaycan şirkətindən AZƏRTAC-a verilən məlumata görə, şirkətin baş direktor müavini Rüstəm Məmmədov sınaq yürüşü üçün Qəbələnin təsadüfən seçilmədiyini bildirib. “Mərkəzi ofis bizə belə bir regional tədbirlə bağlı müraciət etdikdə, çox düşünmədik. Həm müasir, həm də Azərbaycan təbiətinin gözəlliyini əks etdirən bir məkanda qonaqlarımızı qarşılamaq istədik” – Rüstəm Məmmədov deyib. Qəbələnin qonaqlar üçün geniş mehmanxana seçiminə və əyləncə imkanlarına görə beynəlxalq tələblərə cavab verdiyini nəzərə alan Auto Azərbaycan tədbir üçün məhz bu şəhəri seçib. Bir avtomobil brendinin sınaq yürüşü keçirməsi üçün lazım olan yol infrastrukturu da yüksək səviyyəsi ilə diqqətdən qaçmayıb.
Digər bir səbəb isə koreyalıların özlərinin bu əraziyə maraq göstərməsi olub. Belə ki, Qəbələ Tarix-Mədəniyyət Qoruğunda Azərbaycan və Koreya alimlərinin birgə səyi ilə yaradılmış Azərbaycan Pompeyi sayılan açıq səma altında muzey fəaliyyət göstərir.
Məlumatda, həmçinin bildirilir ki, Qəbələdə yeni otel və idman kompleksləri ilə tanış olan qonaqlar Azərbaycandakı yeniliklərə, gözəl təbiətə və müasir tikililərə heyranlıqlarını gizlətməyiblər. Onlar Azərbaycanın hərtərəfli inkişafının regionlardan da açıq-aydın göründüyünü və Qəbələnin timsalında buna şahid olduqlarını vurğulayıblar.
Hyundai-ın Almaniyada yerləşən yarış sınaq mərkəzində yoxlanmış tam yeni “Sonata” enişli-yoxuşlu Qəbələ yolunda test yürüşündən uğurla çıxıb.
Qeyd edək ki, Auto Azərbaycan şirkəti 20 ildən artıqdır fəaliyyət göstərir. O, təqdim etdiyi avtomobillər, yüksək servis və orijinal ehtiyat hissələri ilə ölkənin avtomobil bazarının liderlərindən sayılır. Şirkət Hyundai ilə yanaşı, Jeep, Dodge, Chrysler və Peugeot brendlərinin də rəsmi distribüteridir.