SİYASƏT


Hyuston şəhərində Ermənistanın mina xəritələrini təhvil verməməsinə etiraz olaraq aksiya keçirilib

Bakı, 8 iyun, AZƏRTAC

Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının idarə heyətinin üzvü, Amerika–Azərbaycan İnteqrasiya Mərkəzinin rəhbəri Samir Novruzovun təşkilatçılığı ilə ABŞ-ın Texas ştatının Hyuston şəhərində etiraz aksiyası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, məqsəd Kəlbəcərdə mina partlayışı nəticəsində azərbaycanlı jurnalistlərin və onları müşayiət edən yerli icra hakimiyyətinin nümayəndəsinin həlak olmasına, mina xəritələrini verməkdən imtina edən Ermənistanın yolverilməz davranışına, terrorçu dövlət olmasına diqqəti cəlb etmək olub.

Şəhərin “Westheimer Road & Post Oak” bulvarı ərazisində təşkil edilən aksiya zamanı soydaşlarımız baş vermiş faciəyə hiddətlərini Məhərrəm İbrahimovun və Sirac Abışovun portretlərini, "Jurnalistlər minalarla öldürüldü!", "Erməni yalanlarına “yox!” deyin!", "Erməni terrorizmi", "Təhlükəli minalar!" şüarlarının, mina partlayışlarının qorxunc təsvirlərinin əks olunduğu plakatları nümayiş etdirməklə bildiriblər.

Azərbaycanlı icmasının nümayəndələri, həmçinin şəhərdə etiraz yürüşü keçiriblər. Sonra mərkəzi parklardan birində şəhid jurnalistlərin xatirəsinə yaradılan guşəyə qərənfillər düzülüb.

Samir Novruzov bildirib ki, aksiyalar zamanı Ermənistan rəhbərliyinin mina xəritələrini Azərbaycana verməkdən imtina etməsi kəskin şəkildə pislənilib. Bu, azad edilmiş torpaqlarımızda və regionda sülhün və normal həyatın bərpa edilməsinə maneə kimi qiymətləndirilib. Soydaşlarımız dünya ictimaiyyətini və nüfuzlu media təşkilatlarını Ermənistanın beynəlxalq konvensiyaları pozmasına göz yummamağa, bu problemin həllində Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləməyə çağırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.