ELM VƏ TƏHSİL
IAEA-nın idarə heyətinin üzvü Bakıda keçiriləcək “IAEA 2019” konfransının hazırlıq işləri ilə tanış olub VİDEO
Bakı, 1 fevral, AZƏRTAC
Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA) idarə heyətinin üzvü və qiymətləndirmə üzrə təhsil eksperti Yan Uiqers yanvarın 31-dən fevralın 2-dək Bakıda işgüzar səfərdədir. Səfərin əsas məqsədi sentyabrın 22-27-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən “Qiymətləndirmə və qərar qəbuletmə: fərdi və institusional həll yolları” mövzusunda Bakıda keçiriləcək “IAEA 2019” konfransı ilə bağlı bir sıra məsələləri müzakirə etmək, konfransa hazırlıq işləri ilə tanış olmaq, eyni zamanda, DİM-in imtahanlarda iştirak edən işçi heyəti ilə görüşlər keçirməkdir.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində təhsil eksperti DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, habelə konfransın təşkilat komandası ilə görüşüb. Görüşdə konfransa hazırlıq işləri, plana uyğun olaraq bundan sonra həyata keçiriləcək tədbirlər və s. müzakirə olunub. Səfərin ikinci günündə Yan Uiqers DİM-in elmi-metodik seminarlarında iştirak edən müəllimlər və imtahan markerləri üçün “Hollandiyada təhsil ənənələri və innovasiyalar” adlı təqdimatla çıxış edib. Təqdimatda, Hollandiyada keçirilən imtahanlar, eləcə də kompüter və kağız daşıyıcılar vasitəsilə keçirilən imtahanların müsbət və mənfi cəhətləri haqqında məlumat verilib. Səfərin gündəliyinə əsasən, ekspertin dövlət və özəl məktəblərə, o cümlədən ADA universitetinə səfəri də planlaşdırılıb.
Dövlət İmtahan Mərkəzi biliyin qiymətləndirilməsi sahəsində dövlətlərarası əməkdaşlığın qurulması, bu sahədə təcrübə mübadiləsinin aparılması, yeni qiymətləndirmə metodlarının tətbiq olunması və s. məsələlər üzrə Təhsildə Qiymətləndirmə üzrə Beynəlxalq Assosiasiyası ilə sıx əməkdaşlıq edir və təşkilatın daimi üzvüdür.
Bakıda keçiriləcək konfransda aşağıda qeyd edilən istiqamətlərdə müzakirələr aparılacaq:
-Qərarların qəbul edilməsində qiymətləndirmənin tətbiqi (tələbə qəbulu, kadr seçimi və s.);
-Qərarların verilməsində qiymətləndirmənin etibarlılığı və validliyi;
-Tələbə qəbulu və kadr seçimi siyasətində mövcud olan çətinliklər və imkanlar;
-Elmi araşdırmalar əsasında proqnozların verilməsi təcrübəsi;
-Tələbə qəbulu və kadr seçimi sahəsində qiymətləndirmə alətlərinin gələcəyi;
- Qiymətləndirmə nəticələri və qərar qəbuletmə məsuliyyəti;
-Elektron qiymətləndirmə və mütərəqqi texnologiya əsaslı platformalar;
-Qiymətləndirmə və qərar qəbuletmə prosesində obyektivliyik prinsipi.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi (keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) 2007-ci il sentyabrın 16-dan 21-dək Bakı şəhərində Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (International Association for Educational Assessment) “Milli qiymətləndirmə sistemlərinin və təhsil standartlarının qarşılıqlı asılılığı” mövzusunda 33-cü Beynəlxalq Konfransının da təşkilatçısı olub, 2008-ci ildə IAEA-nın İcraiyyə Komitəsinin üzvü seçilib.