CƏMİYYƏT


“İƏT Modeli – 2019” Beynəlxalq Münasibətlər Akademiyasına start verilib

Bakı, 10 aprel, AZƏRTAC

Artıq doqquz ildir Azərbaycanda uğurla həyata keçirilən “İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modeli - Beynəlxalq Münasibətlər Akademiyası” layihəsinə növbəti dəfə start verilib.

AZƏRTAC xəbər verir ki, İƏT Gənclər Forumunun Bakıda yerləşən Avrasiya Regional Mərkəzinin, Gənclər və İdman Nazirliyinin birgə tərəfdaşlığı ilə reallaşdırılan builki layihənin icrasına ilk mühazirə proqramının təşkili ilə başlanılıb. Layihə çərçivəsində Bakı Dövlət Universiteti, ADA Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dillər Universiteti, eləcə də digər ali məktəbləri təmsil edən və iştirak üçün müraciət etmiş 300-dən çox tələbə arasından seçilmiş 50 gəncin beş həftə ərzində mühazirələrdə və sonda təşkil olunacaq İƏT Modeli beynəlxalq simulyasiya oyununda iştirakı nəzərdə tutulub.

Akademiyanın 2019-cu il buraxılışının açılışını edən İƏT Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin baş direktoru Elməddin Mehdiyev layihənin məqsədi, mühazirə mövzuları haqqında tələbələrə məlumat verib. Layihənin tərəfdaşı olan Gənclər və İdman Nazirliyinə təşəkkürünü bildirən E.Mehdiyev İƏT-in yaranmasının 50 illiyi münasibətilə proqramın ilk mühazirəsində qurumun fəaliyyətindən danışıb.

Fələstin Dövlətinin Azərbaycandakı səfiri Nasser Əbdül Kərim çıxış edərək İƏT ilə bağlı təqdimatla çıxış edib. O, tələbələrə Fələstinin tarixi, İsrail-Fələstin münaqişəsi barədə ətraflı məlumat verib.

Xatırladaq ki, İƏT Modeli proqramının əsas məqsəd İƏT məkanında gənclərin beynəlxalq əməkdaşlığının güclənməsinə dəstək vermək, gənclərin və gənclər təşkilatları rəhbərlərinin və üzvlərinin diplomatiya, idarəetmə, kommunikasiya sahələrində yeni bilik və təcrübə əldə etmələrinə yardım göstərməkdir. Bu baxımdan akademiyada İƏT üzvlərinin xarici siyasət prioritetləri, İƏT-in beynəlxalq qurum kimi fəaliyyəti, beynəlxalq siyasətdə media və sosial medianın bir alət kimi istifadəsi, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və İƏT-dəki fəaliyyəti ilə bağlı mühazirələrin dinlənilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.