CƏMİYYƏT


“İƏT Modeli – 2022” proqramı üzrə mühazirələr yekunlaşıb

Bakı, 11 may, AZƏRTAC

İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzinin (İƏGF-ARM) təşəbbüsü ilə 11 ildir uğurla həyata keçirilən “İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modeli - Beynəlxalq Münasibətlər Akademiyası” layihəsinin 2022-ci il mərhələsinin mühazirə və təlimlər hissəsi artıq işini yekunlaşdırıb.

Gənclər Forumundan AZƏRTAC-a bildiriblər ki, bu il aprelin əvvəllərindən başlayaraq Bakıda keçirilən proqram çərçivəsində Fələstin dövlətinin Azərbaycandakı səfiri Nəssir Əbdül Kərim Əbdül Rəhim, Pakistan İslam Respublikasının səfiri Bilal Haye, Özbəkistanın ölkəmizdəki səfiri Baxrom Əşrəfxanov, Mərakeş Krallığının Azərbaycandakı səfiri Adil Embarş, Qırğızıstanın ölkəmizdəki səfiri Kayrat Osmonaliyev Azərbaycanda təhsil alan tələbələr qarşısında çıxış edərək ölkələrinin xarici siyasətləri və İƏT-də oynadıqları roldan bəhs ediblər. ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Təhsil nazirinin müşaviri Nicat Məmmədli, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov respublikamızın müasir dövrdə xarici siyasət prioritetləri, beynəlxalq münaqişələr və İƏT-ə üzv ölkələri arasında əlaqələndirmə, dəyişən dünyada təhsilin rolu, İslamın dünya sivizilazasiyasında rolu və başqa mövzuda çıxış ediblər. Həmin mühazirəçilər tələbələrin müxtəlif suallarını cavablandırıb.

Xatırladaq ki, İƏGF-ARM və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı və Bakı Dövlət Universitetinin dəstəyi ilə həyata keçirilən İƏT Modeli proqramının əsas məqsədləri İƏT məkanında gənclərin beynəlxalq əməkdaşlığının güclənməsinə dəstək vermək, gənclərin və gənclər təşkilatları rəhbərlərinin və üzvlərinin diplomatiya, idarəetmə, kommunikasiya sahəsində yeni bilik və təcrübə əldə etməsinə yardım etməkdir. İki ay ərzində keçirilən mühazirələri dinləyən tələbələr, eyni zamanda, həmin ölkələrin səfirliklərinə gedərək onlarla bağlı lazım olan məlumatları əldə ediblər.

Mayın 15-də isə layihə çərçivəsində “İƏT Modeli XİN konfransı” adlanan simulyasiya oyunlarının keçirilməsi planlaşdırılır. Münsiflər heyətinin qərarı ilə bu oyunlarda xarici dil qabiliyyəti və xüsusi yaradıcılıq bacarığı ilə seçiləcək tələbələr “Beynəlxalq İƏT Modeli” yarışmasında Azərbaycanı təmsil etmək hüququ qazanacaq.

Ötən illər ərzində azərbaycanlı tələbələr dəfələrlə ümum-İƏT miqyasını əhatə edən və 40-dan çox İƏT-ə üzv ölkə nümayəndələrinin iştirak etdiyi “Beynəlxalq İƏT Modeli” yarışmalarında Azərbaycanı layiqli şəkildə təmsil ediblər.

“İƏT Modeli” artıq digər ölkələrdə də işinə başlayıb. Yaxın zamanlarda bu proqramın bütün İƏT ölkələrində başa çatması və simulyasiyaların keçirilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.