SİYASƏT


İƏT PA-nın İcraiyyə Şurasının iclasında növbəti konfransın yeri və vaxtı barədə razılığa gəlinib

Bakı, 17 may, AZƏRTAC

Mayın 17-də İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransı çərçivəsində qurumun İcraiyyə Şurasının iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan İƏT PA-nın və Pakistan Milli Assambleyasının sədri Raca Pərviz Əşrəf tədbirə ev sahibliyi edən Azərbaycan tərəfinə təşəkkür edib, tədbirə qatılan parlament nümayəndə heyətlərinin rəhbərlərini və iştirakçıları salamlayıb.

İclasda Azərbaycanla yanaşı, Türkiyə, Pakistan, İran, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan nümayəndə heyətləri iştirak ediblər. İƏT PA-nın sədri təşkilatın tarixindən danışaraq, indiyədək görülmüş işləri, əldə olunmuş nailiyyətləri yüksək qiymətləndirib, əvvəlki Ümumi konfranslarda müzakirə edilmiş məsələlərin əhəmiyyətini vurğulayıb.

Sonra Pakistan Milli Assambleyasının sədri Raca Pərviz Əşrəf İƏT PA-ya sədrliyi Milli Məclisin sədri Sahibə Qafarovaya təhvil verib.

Tədbir iştirakçılarını salamlayan Sahibə Qafarova qurumun ötən dövrdəki səmərəli fəaliyyətinə görə Pakistan Milli Assambleyasının sədri Raca Pərviz Əşrəfə təşəkkürünü bildirib. Milli Məclisin sədri konfransın işinin məhsuldar olacağına əminliyini ifadə edib.

Gündəlik təsdiq olunduqdan sonra iclasda İƏT PA-nın İkinci Ümumi Konfransının Hesabatı, Üçüncü Ümumi Konfransın proqramı və gündəliyi təsdiqlənib, bir sıra təşkilati məsələlərə baxılıb.

İclasda İƏT PA-nın sədr müavini seçilib, növbəti konfransın keçirilmə yeri və vaxtı barədə razılığa gəlinib.

Sonra parlamentin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, konfransda iştirak edən nümayəndə heyətlərinin rəhbərləri mayın 18-də Azərbaycanın mədəniyyət paytaxtı və Türk dünyasının 2023-cü il üzrə mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər edəcək, qısa müddətdə salınmış Zəfər yolu və Şuşada aparılmış tikinti-quruculuq işləri ilə yaxından tanış olacaqlar.

Bununla da İƏT PA-nın İcraiyyə Şurasının iclası başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.