DÜNYA
İƏT Xarici İşlər Nazirləri Şurasının 43-cü iclası çərçivəsində yüksək səviyyəli görüşlər keçirilib
Daşkənd, 19 oktyabr, AZƏRTAC
İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının Daşkənddə keçirilən 43-cü iclası çərçivəsində Özbəkistan Prezidentinin səlahiyyətlərini icra edən Şavkat Mirziyayev Küveytin Baş nazirinin müavini, xarici işlər naziri Şeyx Sabah Xalid əl-Xamdom əs-Sabahla görüşüb.
Görüşdə ölkələr arasında ticari-iqtisadi, sərmayə qoyuluşu və digər sahələrdə əlaqələrin inkişafı istiqamətində fikir mübadiləsi aparılıb. Qərara alınıb ki, gələn ilin birinci rübündə Özbəkistanla Küveyt arasında Hökumətlərarası Əməkdaşlıq Komissiyasının iclası keçirilsin.
Şavkat Mirziyayevin İslam İnkişaf Bankının sədri Bandar Xajarla görüşündə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, iqtisadi və sosial layihələrin uğurla davam etdiyi vurğulanıb.
Görüşdə Səmərqənddəki İmam Buxari Kompleksinin nəzdində Beynəlxalq Elmi-Tədqiqat Mərkəzinin yaradılması məsələsi də müzakirə edilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd