DÜNYA
İƏT-ə üzv ölkələrin antikorrupsiya iclasına hazırlıq məsələləri müzakirə olunub
Qahirə, 5 dekabr, AZƏRTAC
Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibliyinin təşkilatçılığı illə təşkilata üzv ölkələrin korrupsiya ilə mübarizə üzrə dekabrın 10-da keçiriləcək ilk iclasına hazırlıq məsələləri müzakirə olunub.
İƏT-in Baş katibliyində AZƏRTAC-a bildiriblər ki, təşkilata üzv ölkələrin təmsilçiləri Səudiyyə Ərəbistanının təklifi əsasında Məkkə Sazişinin müddəalarını müzakirə ediblər. Sözügedən sənəd üzv ölkələrdə antikorrupsiya ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsini ehtiva edir.
Təşkilatın Baş katibinin siyasi məsələlər üzrə köməkçisi, səfir Yusif Əl-Dubai çıxış edərək bildirib ki, Məkkə əl-Mükərrəmə Sazişi layihəsinin yekun variantının qəbulu üzrə nazirlərin ilk iclasında İƏT-in hüquq sisteminin institusional və əsas strukturunda yeniliklər, həmçinin uyğun hökumət qurumları arasında koordinasiya məsələləri müzakirə ediləcək. O əlavə edib ki, bu sənəd İslam cəmiyyətlərində inkişafa xələl gətirən, ölkələrin təhlükəsizliyini təhdid edən və bütün dünyada davamlı inkişaf səylərinə mane olan korrupsiyanın mənfi təsirlərinin azaldılmasına töhfə verəcək.
İƏT-ə üzv ölkələrin təmsilçiləri çıxışlarında qeyd ediblər ki, saziş layihəsi İƏT-ə üzv dövlətlərin korrupsiya məsələsində marağını ifadə edir, xüsusən də İslam dünyasının şəffaflıq və dürüstlük prinsiplərini təsdiqləyir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə