CƏMİYYƏT
İƏT-in Baş katibi Ümumdünya Ətraf Mühit Günü ilə bağlı üzv dövlətlərə müraciət edib

Bakı, 5 iyun, AZƏRTAC
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha 5 İyun - Ümumdünya Ətraf Mühit Günü münasibətilə təşkilata üzv dövlətlərə müraciət edib.
Təşkilatın Baş katibliyindən AZƏRTAC-a bildiriblər ki, müraciətdə deyilir: “İƏT dünya ictimaiyyəti ilə birlikdə 5 iyun tarixini Ümumdünya Ətraf Mühit Günü kimi geniş şəkildə qeyd edir. Bu il Ümumdünya Ətraf Mühit Günü bütün ölkələrin diqqətini dünyada ətraf mühit üçün qorxulu təhlükəyə çevrilən plastik çirklənmə ilə mübarizədə həll yolları və ən yaxşı təcrübələri axtarmağa cəlb edir.
Plastik çirklənmə bəşəriyyətin rahatlıq və iqtisadi inkişaf yolunda yaratdığı süni bir problemdir. Təəssüf ki, bəşəriyyət bu çirklənməni öz ekoloji təhlükəsizliyi və daha yaxşı gələcək perspektivləri bahasına həyata keçirir. Ümumdünya Ətraf Mühit Günü İƏT üçün diqqəti ətraf mühitə daha məsuliyyətli və qayğıkeş şəkildə, İslamın norma və prinsiplərinə tam uyğun yaşamağın zəruriliyinə yönəltmək istiqamətində yaxşı bir fürsət olub. Ətraf mühitlə bağlı məsələlər təşkilatın strukturlarının və onun üzv dövlətlərinin gündəliyində mühüm yer tutur. Bu reallıq İƏT çərçivəsində qəbul edilən müvafiq strateji sənədlərdə, həmçinin zirvə toplantılarının, Xarici İşlər Nazirləri Şurasının və ətraf mühit nazirlərinin iclaslarının qətnamələrində öz əksini tapıb”.
Müraciətdə vurğulanıb ki, bu yanaşma İƏT-in ekoloji problemlərin, o cümlədən həddindən artıq plastik çirklənmənin həlli ilə bağlı ümmətin birgə və ardıcıl tədbirlər görməsinə ehtiyac olduğuna dair güclü inamının bariz təzahürüdür. Bundan əlavə, 2022-ci ildə Misir Ərəb Respublikasının Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Tərəfləri Konfransının 27-ci sessiyasına ev sahibliyi etməsi və 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək növbəti 28-ci sessiya göstərir ki, həqiqətən də, İslam dünyasının ekoloji təhlükələrlə mübarizə üzrə qlobal səylərdə iştirakı getdikcə artır.
Sonda deyilir: “İslam Əməkdaşlıq Təşkilatı üzv dövlətləri və beynəlxalq ictimaiyyəti öz daxili və xarici siyasətlərində ətraf mühitin mühafizəsi məsələsini daha da prioritetləşdirməyə və dünyanı yaşamaq üçün daha yaxşı və təhlükəsiz yerə çevirmək naminə hərtərəfli dövlətlərarası əməkdaşlığı təşviq etməyə çağırır”.