DÜNYA


İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyası fransız qəzetinin təxribatını pisləyib

Qahirə, 7 sentyabr, AZƏRTAC

İslam Əməkdaşlıq Təşkilatının (İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (IPHRC) Fransanın “Cahrlie Hebdo” qəzetinin İslam peyğəmbəri Həzrəti Məhəmmədin karikaturasını təkrar dərc etməsi ilə bağlı bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, qəzetin bu təxribatını pisləyən bəyanatda fransız nəşrinin dinlər arasında kin və nifrəti artırdığı qeyd olunur. Eyni zamanda, bu cür hərəkətlərin beynəlxalq hüququn normalarına zidd olduğu da bildirilir. “The New York Times” 2015-ci ildə ABŞ-ın Texas ştatındakı Qarland şəhərində törədilmiş analoji əməli haqlı olaraq tənqid etmiş, onun ifadə azadlığı ilə heç bir əlaqəsi olmadığını və nifrət yaydığını vurğulamışdı”, - deyə sənəddə diqqətə çatdırılır.

IPHRC təəssüflə qeyd edib ki, qəzetin karikaturanı təkrar dərc etməsi dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla müsəlmanın hisslərinin təhqir olunması deməkdir. Əlavə edilib ki, bu cür əməllərə göz yuman dövlət rəsmiləri tərəfindən də beynəlxalq hüquqa hörmətsizlik nümayiş etdirilir. “Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsində və digər sənədlərdə bu cür əməllərin qanunazidd olduğu təsbit edilib. Eyni zamanda, dövlətlərin öz qanunları çərçivəsində cəmiyyətdə dini zəmində ayrı-seçkiliyə, düşmənçiliyə və nifrətə səbəb ola biləcək hərəkətlərin qarşısının alınmasının vacibliyi də vurğulanıb”, - deyə bəyanatda qeyd olunur.

Sənəddə, həmçinin xatırladılıb ki, 2015-ci ildə “Charlie Hebdo” qəzetinin əməkdaşlarına qarşı törədilmiş terror aktını bütün İslam dünyası pisləyib, bir müsəlman polis isə həmin insident zamanı həlak olub. Beynəlxalq ictimaiyyət də bəyan edib ki, terror aktının İslam dini ilə heç bir əlaqəsi yoxdur.

İƏT-in komissiyası bəşəriyyətin ağır pandemiya dövründə birliyə, həmrəyliyə, tolerantlığa, dini və mədəni müxtəlifliyə hörmətə ehtiyacı olduğunu xatırladıb.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.