CƏMİYYƏT
İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndə heyəti ilə ANAMA-da görüş keçirilib
Bakı, 23 sentyabr, AZƏRTAC
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində növbəti görüşü Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) olub.
Ombudsman Aparatından AZƏRTAC-a bildirilib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində birgə həyata keçirəcəkləri faktaraşdırıcı missiya və tarixi-mədəni abidələrə qarşı törədilmiş vandalizm hallarının monitorinqi ilə bağlı ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanovla görüşən qonaqlar ərazilərin minalardan təmizlənməsi ilə bağlı geniş müzakirələr aparıblar.
ANAMA-nın İdarə Heyətinin sədri Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməməsinin insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaratdığını diqqətə çatdırıb.
Görüşdə bildirilib ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın imzalanmasından uzun müddət keçməsinə baxmayaraq, Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməməsi işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərinin, dövlət əhəmiyyətli layihələrin həyata keçirilməsinə maneələr yaradır.
Faktaraşdırıcı missiya çərçivəsində nümayəndə heyəti işğaldan azad olunmuş bölgələrə səfər edəcək.