CƏMİYYƏT


İƏT ölkələrinin gənclərlə iş üzrə ilk fəaliyyət planı qəbul edilib

Bakı, 13 fevral, AZƏRTAC

Ciddədə İslam Əməkdaşlıq Təşkilatının gənclər siyasəti üzrə daimi komitəsinin iclasında İƏT tarixində ilk dəfə gəncliyin inkişafı üzrə hərtərəfli fəaliyyət planı layihəsi qəbul edilib.

AZƏRTAC xəbər verir ki, İƏT Baş Katibliyində birinci iclasına toplanan gənclik siyasəti üzrə daimi komitə ötən il Bakıda keçirilən İƏT Gənclər və İdman Nazirləri Konfransının qərarı ilə yaradılıb. Şuraya sədrliyin Azərbaycana keçdiyi həmin konfransda qəbul edilmiş İƏT Gənclik Strategiyasının icrası üçün qeyd olunan fəaliyyət planının hazırlanması qərara alınıb.

Komitənin işinə sədrlik edən Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov çıxışında qeyd edib ki, ötən müddət ərzində Azərbaycanın Şuraya sədrliyi çərçivəsində Gənclər və İdman Nazirliyi tərəfindən İƏT Baş Katibliyi və digər əlaqədar təşkilatlarla səmərəli əməkdaşlıq həyata keçirilərək İƏT tarixində ilk dəfə olaraq gənclik sahəsində birgə fəaliyyət planının hazırlanmasına nail olunub. O, İƏT ölkələrində gəncliyin ən çoxsaylı və dinamik təbəqə olduğunu qeyd edərək, belə bir əməli planın həm gəncliyin rifahı, eyni zamanda, müsəlman ölkələrinin sabitliyi və inkişafı baxımından zəruri olduğunu diqqətə çatdırıb. Səfir Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Azərbaycanın qabaqcıl gənclik siyasətinin müxtəlif istiqamətləri haqqında iclas iştirakçılarına məlumat verib.

Daha sonra müxtəlif sahələr üzrə keçirilən debatlar zamanı konkret təkliflər müzakirə edilərək planın layihəsi qəbul olunub. Plana əsasən İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzinə ev sahibliyi edən Azərbaycan 2019-2020-ci illərdə İƏT Gəncliyinin inkişafına və İslam həmrəyliyinin gücləndirilməsinə yönəlmiş bir sıra tədbirlərə, o cümlədən bu ilin yazında İƏT ölkələri Gənc İş Adamları və Startaplar Şəbəkəsinin Forumuna ev sahibliyi edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.