İƏT və BMT islamofobiya ilə mübarizəyə həsr olunmuş birgə tədbir keçirəcək
AzerTAg.az

Bakı, 14 mart, AZƏRTAC
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə bürosu martın 17-də Cenevrədəki Millətlər sarayında İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunmuş tədbir keçirəcək.
İƏT-in Baş katibliyində AZƏRTAC-a bildiriblər ki, tədbir insan hüquqlarına və dinlərin müxtəlifliyinə hörmət əsasında tolerantlıq və sülh mədəniyyətinin təbliği üzrə qlobal dialoqun təşviqi üçün beynəlxalq səylərin gücləndirilməsinə çağıran BMT Baş Assambleyasının 76/254 saylı qətnaməsinin icrası çərçivəsində təşkil olunacaq.
Tədbir müsəlman icmalarını hədəf alan dözümsüzlük, nifrət ritorikası və ayrı-seçkilik haqqında məlumatlılığı artırmaq və dövlətləri islamofobiya fenomeni ilə mübarizə aparmaq üçün lazımi addımları atmağa təşviq etmək məqsədi daşıyır. Beynəlxalq təşkilatların nümayəndələri, politoloqlar, siyasətçilər və ekspertlər BMT-yə üzv dövlətləri irqçiliyin spesifik forması kimi islamofobiya ilə qətiyyətlə mübarizə aparmağa və onun qarşısını almaq, bu neqativ tendensiya ilə mübarizə aparmaq üçün fəaliyyət planları qəbul etməyə çağıracaqlar.
İƏT-in Baş katibi və BMT-nin Cenevrə bürosunun baş direktoru tədbirdə açılış nitqi ilə çıxış edəcəklər. Sonra BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının müavini xanım Nada Əl-Naşif, BMT-nin din və inanc azadlığı üzrə keçmiş xüsusi məruzəçisi Əhməd Şahid, səfir İsmayıl Hakkı Musa, ATƏT-in fəaliyyətdə olan sədrinin müsəlmanlara qarşı dözümsüzlük və ayrı-seçkiliklə mübarizə üzrə şəxsi nümayəndəsi Alexandre Guessel, Avropa Şurası Baş Katibinin antisemitizm, antimüsəlman, dini dözümsüzlüyün digər formaları və nifrət cinayətləri ilə mübarizə üzrə xüsusi nümayəndəsi və İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti Taha Ayhanın məruzələri təqdim ediləcək.
Sonda İƏT və BMT-nin islamofobiya ilə mübarizəyə dair Bəyanatı qəbul olunacaq.
Xəbərin mətnində orfoqrafik səhv var