İQTİSADİYYAT
ICAO Azərbaycanın mülki aviasiya sahəsində uğurlarından danışıb
Bakı, 3 oktyabr, AZƏRTAC
Beynəlxalq Mülki Aviasiya Təşkilatı Şurasının Rəyasət Heyəti (ICAO) aviasiya təhlükəsizliyinə nəzarət sahəsində yüksək nailiyyətlərinə görə Azərbaycan mülki aviasiyasını təltif edib. Fəxri sertifikat ICAO-nun 75 illiyi və ICAO Assambleyasının Kanadanın Monreal şəhərində keçirilmiş 40-cı yubiley sessiyasına həsr edilmiş Dünya Forumu çərçivəsində təqdim olunub. Azərbaycan nümayəndə heyətinə Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov rəhbərlik edib.
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, assambleyaya ICAO-ya üzv olan 184 dövlət və 70 beynəlxalq təşkilatdan ümumilikdə 2600-dən çox iştirakçı qatılıb.
“Son illərdə Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan mülki aviasiyası çox böyük uğurlara imza atıb. Aviasiya təhlükəsizliyinin bizim üçün hər zaman prioritet məsələ olaraq qaldığını xüsusi vurğulamaq istəyirəm. ICAO tərəfindən verilən belə fəxri mükafatlar bu uğurların növbəti təsdiqidir”, - deyə AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib.
“ICAO Şurasının bizim “Heç bir ölkə diqqətdən kənarda qalmayacaq” (No Country Left Behind) təşəbbüsümüz çərçivəsində təsis etdiyi mükafatlar vahid qlobal aviasiya şəbəkəmizi daha da təhlükəsiz edən ölkələrə diqqət ayırmaq üçün nəzərdə tutulub”, - deyə ICAO-nun prezidenti Olumuiva Benard Aliu qeyd edib.
Qeyd edək ki, ICAO Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumu olub, bütün dünyada beynəlxalq mülki aviasiyanın təhlükəsiz və nizamlı inkişafına yardım məqsədilə 1944-cü ildə təsis edilib. Azərbaycan 1992-ci ildən ICAO-nun üzvüdür.