ELM VƏ TƏHSİL
ICDL imtahanları barədə məlumat sessiyasına qeydiyyat başlanır
Bakı, 19 dekabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) “ICDL Europe” təşkilatı ilə birgə keçirdiyi ICDL imtahanları barədə məlumat sessiyasına qeydiyyat elan edir.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, 2023-cü il yanvarın 9-da DİM-in beynəlxalq tərəfdaşı “ICDL Europe” ilə birlikdə “ICDL – The Path towards Certified Digital Skills” adlı vebinar keçirəcək. Vebinarın keçirilməsində məqsəd ICDL (International Computer Driving Licence – kompüterdən istifadəyə dair beynəlxalq lisenziya) kvalifikasiyalarının ölkədə tanınmasına töhfə verməkdir.
Vebinarın spikeri ICDL Avropanın Ukrayna və Qafqazda bazarın inkişafı üzrə baş meneceri Tom Skott-Redford imtahan kvalifikasiyaları barədə ətraflı məlumat verəcək və iştirakçıların suallarını cavablandıracaq.
Tədbirdə aşağıdakı mövzular haqqında məlumat veriləcək:
-Tələbələr üçün rəqəmsal bacarıqların əhəmiyyəti;
-ICDL təhsil proqramları və qiymətləndirmə;
-ICDL imtahanlarına hazırlaşmaq üçün məsləhətlər;
-ICDL imtahanı nəticələrinin tanınması.
Vebinar “Zoom” platforması vasitəsilə ingilis dilində keçiriləcək. Vebinarda iştirak etmək istəyən şəxslər DİM-in saytında linkdən istifadə edərək qeydiyyatdan keçməlidirlər.
Qeydiyyat linki yanvarın 8-dək aktiv olacaq. Qeydiyyatdan keçmiş iştirakçılara vebinarın “Zoom” linki yanvarın 8-də elektron poçt vasitəsilə göndəriləcək. İştirakçılar qeyd olunan gün və saatda link vasitəsilə vebinara qoşula bilərlər.
Xatırladaq ki, DİM Azərbaycanda ICDL imtahanlarını təşkil edən yeganə akkreditasiya olunmuş test mərkəzidir.
ICDL 100-dən artıq ölkədə 17 milyondan çox insanın kompüterdən və kompüter proqramlarından istifadə etmək üçün lazım olan rəqəmsal bacarıqlarını ölçən beynəlxalq dərəcəli sertifikatlaşdırma proqramıdır. Namizədlər ixtisas və peşə tələblərinə uyğun olaraq ICDL-in müvafiq modullarından imtahan verib, sertifikat ala bilərlər.