CƏMİYYƏT


ICESCO Azərbaycanın İslam dünyası ilə daha sıx əməkdaşlığı üçün körpüdür

Qahirə, 12 fevral, AZƏRTAC

1979-cu ildə əsası qoyulmuş və 54 daimi üzvü olan İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ICESCO) təkcə müsəlman aləmində deyil, həmçinin bütün dünyada ildən-ilə artan nüfuzu ilə seçilir. Müstəqilliyinin ilk illərində dini-mənəvi dəyərləri ön plana çıxaran Azərbaycan bu təşkilatla əməkdaşlığa daim böyük əhəmiyyət verib. Təsadüfi deyil ki, keçmiş sovet respublikaları içərisində ICESCO-ya ilk qoşulan da bizim ölkəmiz olub. 1991-ci ildən təşkilata üzv olan Azərbaycan hazırda da onunla birlikdə müxtəlif layihələr həyata keçirir.

Azərbaycanla ICESCO arasında əməkdaşlığın aktiv fazası 2006-cı il noyabrın 24-də, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın təşkilatın xoşməramlı səfiri adına layiq görülməsi ilə başlayıb. Məhz bu tarixdən sonra ICESCO-nun sabiq Baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri respublikamızda keçirilmiş bir sıra mühüm beynəlxalq tədbirlərdə – “Gənclər sivilizasiyaların alyansı naminə” mövzusunda beynəlxalq konfransda (1-2 noyabr 2007-ci il), Heydər Əliyev Fondunun təşəbbüsü, UNESCO və ICESCO-nun dəstəyi ilə keçirilmiş “Mədəniyyətlərarası dialoqda qadınların rolu” mövzusunda forumda (10-11 iyun 2008-ci il), İslam ölkələri Elm və Təhsil Nazirlərinin VI Konfransında (6-7 oktyabr 2008-ci il), “Bakı – İslam mədəniyyətinin paytaxtı – 2009” Mədəniyyət ilinin açılış mərasimində (18 fevral 2009-cu il), İslam ölkələri Mədəniyyət nazirlərinin VI Konfransında (13-15 oktyabr 2009-cu il), Dünya dini liderlərinin Bakı sammitində (26-27 aprel 2010) və Ümumdünya mədəniyyətlərarası dialoq forumunda (7-9 aprel 2011-ci il) iştirak edib. O, 2011-ci ildə elm, təhsil və mədəniyyət sahəsində əlaqələrin yaradılması və xalqlar arasında dialoqun qurulmasında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Fondunun “Qızıl çinar” beynəlxalq mükafatına layiq görülüb. Əbdüləziz bin Osman əl-Tüveycri, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin 25 noyabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası və ICESCO arasında hərtərəfli uğurlu əməkdaşlığın qurulmasında səmərəli fəaliyyətinə və Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda tanıdılmasında müstəsna xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.

ICESCO-nun rəhbərliyi müxtəlif beynəlxalq tədbirlərdə, o cümlədən 2011-ci ilin 10-11 oktyabrında keçirilmiş Bakı Beynəlxalq Humanitar Forumunda, həmin il oktyabrın 17-də Rabat şəhərindəki baş ofisində İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdə Sivilizasiyaların Alyansı üzrə Əlaqələndirmə Mərkəzinin 2-ci toplantısı çərçivəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə təşkil olunmuş tədbirdə, Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı Mərakeşdəki anma mərasimində ölkəmizin Qarabağ probleminin həlli üzrə ədalətli mövqeyini bütün müsəlman aləminə çatdırıb. 2017-ci il mayın 4-də Prezident İlham Əliyev ICESCO-nun Baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrini qəbulu zamanı təşkilatın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini müdafiə etməsini yüksək qiymətləndirib. 2019-cu il yanvarın 18-də 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə ICESCO-nun saytında təşkilatın Baş katibi Əbdüləziz Əl-Tüveycrinin adından ilk dəfə olaraq bəyanat yayılıb və bu qanlı hadisə insanlığa qarşı bir cinayət kimi pislənilib. Bəyanatda dünya ictimaiyyətinə və beynəlxalq insan hüquqları təşkilatlarına faciəyə hüquqi qiymətin verilməsi və beynəlxalq hüquqa uyğun olaraq bu cinayəti törətmiş şəxslərin cəzalandırılmasına çağırış ifadə edilib. Eyni zamanda, sənəddə dünyanın vacib regionunda sülhün və təhlükəsizliyin bərqərar olması üçün ICESCO tərəfindən beynəlxalq ictimaiyyətə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından dərhal geri çəkilməsinə məcbur edilməsinə dair müraciət yer alıb. Bundan başqa, 2019-cu il yanvarın 31-də ICESCO tərəfindən Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində Sərsəng su anbarından yeni su kanalı çəkilməsi cəhdlərini beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirən bəyanat verilib.

Təşkilatın Azərbaycanla əməkdaşlığı 2019-cu il mayın 9-da ICESCO-nun yeni Baş direktoru seçilən Salim bin Məhəmməd əl-Malikin səyləri nəticəsində daha geniş vüsət alıb. Ölkəmiz İslam dünyasında elm, təhsil və mədəniyyət sahələrində həyata keçirilən layihələrin və tədbirlərin ən fəal iştirakçılarından birinə çevrilib. Azərbaycan xalqının Vətən müharibəsində ICESCO-nun bəyanatları, 2020-ci il noyabrın 24-də Salim bin Məhəmməd əl-Malikin Qələbə münasibətilə Prezident İlham Əliyevə ünvanlandığı təbrik məktubu xüsusilə diqqətəlayiqdir. Həmin məktubda vurğulanır: “Zati-aliləri. Azərbaycan hökuməti və xalqı bu Qələbəni Sizin uzun sürən münaqişəyə davamlı həll yolu tapmaq və dünyanın bu mühüm bölgəsindəki vəziyyəti normallaşdırmaq üçün nümayiş etdirdiyiniz qətiyyət və müdrik rəhbərliyiniz sayəsində qazandı”.

Yanvarın 13-də Prezident İlham Əliyev ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyətini qəbulunda bu həmrəyliyi yüksək qiymətləndirərək deyib: “Cənab Baş direktor, sıx əməkdaşlıq etdiyimiz bütün bu illər ərzində şəxsən sizə və ICESCO-ya Azərbaycana davamlı dəstək göstərdiyinizə görə minnətdarlığımı bildirmək istəyirəm. Xüsusilə müharibə zamanı qəbul edilmiş qərarlara görə təşəkkürümü bildirmək istəyirəm. Müharibə başlayandan bir neçə gün sonra - oktyabrın əvvəlində ICESCO Azərbaycanın ədalətli mövqeyinə çox dəstəkləyici bir bəyanat verdi və qərarlar qəbul etdi. Həmçinin bizim şanlı Zəfərimizdən sonra sizin mənə Qələbə münasibətilə göndərdiyiniz təbrik məktubunuza görə də minnətdarlığımı bildirmək istəyirəm. Bütün bunlar bizim birliyimizi, bizim xalqımızın birliyini nümayiş etdirir”.

ICESCO-nun nümayəndə heyəti işğaldan azad edilmiş torpaqlara səfəri barədə dövlətimizin başçısına məlumat verərək qeyd edib: ”Biz işğaldan azad edilmiş ərazilərə səfər etdik və əvvəllər heç vaxt görmədiyimiz bir faciəni gördük. Tamamilə dağıdılmış, yerlə-yeksan edilmiş şəhər, bu, tamamilə qeyri-insani əməldir və heç bir ölçüyə sığmır. Bu, bəşəriyyət əleyhinə cinayətdir. Lakin dünən yerli hakimiyyət rəhbərlərində və vətəndaşlarda yenidənqurma əzmi və istəyinin şahidi olduq. Mən nazirlə söhbətimdə dedim ki, sadəcə, hökumətin dəstəyi ilə həmin insanlar Qarabağı yenidən quracaq. Biz dünən görüşdüyümüz hər kəsdə məhz bunu hiss etdik. Bu cür istəyi görmək bizi qürurlandırdı”.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva fevralın 11-də ICESCO tərəfindən elan olunan “Qadınlar ili” çərçivəsində “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə videokonfrans formatında keçirilən tədbirdə bu təşkilatla əməkdaşlığı yüksək qiymətləndirib. O vurğulayıb ki, ölkəmiz işğal zamanı zərər görmüş mədəni irs abidələrinin vəziyyətinin qiymətləndirilməsində ICESCO-nun Azərbaycan hökuməti ilə birgə çalışmağa hazır olduğunu yüksək qiymətləndirir.

ICESCO 2021-ci ili İslam aləmində “Qadın ili” elan edib. Müsəlman Şərqində qadınlara ilk seçki hüququ verən, mədəniyyət və incəsənət sahələrində zərif cinsin nümayəndələrinin böyük uğurlara imza atdığı Azərbaycan istər bu tədbirlər çərçivəsində, istərsə də təşkilatın elm, təhsil və texnologiyalar sahələrində həyata keçirəcəyi layihələrin ən fəal iştirakçısı olacaq.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.