ELM VƏ TƏHSİL


ICESCO Beynəlxalq Təhsil Günü münasibətilə müraciət yayıb

Qahirə, 24 yanvar, AZƏRTAC

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Beynəlxalq Təhsil Günü münasibətilə müraciəti yayılıb.

ICESCO-nun baş ofisindən AZƏRTAC-a bildiriblər ki, təşkilat qlobal çağırışlar fonunda təhsil prosesində yeni baxışın zəruriliyini vurğulayıb. Müraciətdə deyilir: “Təhsilin sülhün təmin edilməsində, insanların rifahının yaxşılaşdırılmasında və cəmiyyətin tərəqqisində fundamental rolunu nəzərə alaraq, ICESCO gələcək prioritetlərin üzərində işlənilməsini vacib hesab edir. Belə ki, təşkilat sülh yaradıcılıq missiyasının yerinə yetirilməsində, mədəniyyətlər arasında anlaşmada və insan hüquqlarına əməl edilməsində, yoxsulluğun, işsizliyin aradan qaldırılmasında, sosial bərabərlik və ədalətin bərqərar olmasında, davamlı inkişaf hədəflərinə çatmaqda təhsilin əhəmiyyətini vurğulayır.

Beynəlxalq ictimaiyyətin dördüncü Dayanıqlı İnkişaf Hədəfləri (SDG 4) həyata keçirməsinə baxmayaraq, hələ də milyonlarla uşaq və gənc normal təhsildən məhrumdur, onların gələcəyi ilə bağlı ciddi narahatlıq mövcuddur. Bunları nəzərə alaraq, ICESCO təhsilin qarşısında bütün əngəllərin aradan qaldırılması, uşaqlara öz potensialını reallaşdırmaq imkanları verilməsi istiqamətində fəaliyyətini gücləndirəcək. Təşkilat hesab edir ki, təhsildə ayrı-seçkiliyin bütün təzahürlərinə son qoyulmalı, bu məsələdə dövlətlər, qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq inkişaf etməli, hər kəs üçün inklüziv və ödənişsiz təhsil imkanları yaradılmalıdır. Eyni zamanda, təhsildə innovasiyaların tətbiqi davam etməli, tədrisin texnoloji bazası daha da gücləndirilməlidir”.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.