CƏMİYYƏT


ICESCO Ümumdünya Humanitar Yardım Günü münasibətilə müraciət yayıb

Qahirə, 19 avqust, AZƏRTAC

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ICESCO) Ümumdünya Humanitar Yardım Günü münasibətilə üzv ölkələrin ictimaiyyətinə müraciət edib.

Təşkilatın baş ofisindən AZƏRTAC-a daxil olmuş müraciətin mətnində qeyd olunur ki, hər il avqustun 19-da beynəlxalq ictimaiyyət Ümumdünya Humanitar Yardım Gününü qeyd edir. ICESCO bu əlamətdar gündə İslam dünyasında və onun hüdudlarından kənarda humanitar fəaliyyəti təşviq etmək üçün səfərbərliyə və həmrəyliyə çağırır. Təşkilat ölkələri və hökumətləri sosial və humanitar fəaliyyətin maliyyələşdirilməsinə, zülm, müharibə və münaqişə qurbanları olan qadın və uşaqları dəstəkləmək üçün sosial yardım və psixi sağlamlığı nəzərə alan siyasət və proqramların həyata keçirilməsinə üstünlük verməyə çağırır. ICESCO bu kontekstdə ən həssas qruplara, yəni uşaqlara, qadınlara, qocalara, xüsusi ehtiyacı olan insanlara, miqrantlara və köçkünlərə dəstək olmaq üçün hərtərəfli humanitar alyans çərçivəsində səyləri gücləndirmək və birgə fəaliyyətin əlaqələndirilməsinə sadiqliyini bir daha təsdiqləyir. Bundan əlavə, təşkilat humanitar könüllülərin dünya miqyasında, xüsusən də silahlı münaqişə və müharibə zonalarında sülh və təhlükəsizliyə nail olmaq istiqamətində göstərdiyi cəsarət və fədakarlığı yüksək qiymətləndirir.

Müraciətdə diqqətə çatdırılıb ki, ICESCO sülh, həmrəylik və mərhəmət dəyərlərinin təşviqinə yönəlmiş fəaliyyət strategiyası çərçivəsində proqramlar və təşəbbüslər həyata keçirir. Belə ki, hər il aprelin 21-də qeyd olunan Beynəlxalq Mərhəmət Günündə təşkilat üzv ölkələrdə tədbirlər keçirir, eyni zamanda İslam dünyası gənclərini Sülh və Təhlükəsizlik üzrə Liderlik Proqramı çərçivəsində təlimlərə cəlb edir.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.