MƏDƏNİYYƏT


ICESCO kiberməkanda İslam mədəni irsinin qorunması proqramını həyata keçirəcək

Qahirə, 24 yanvar, AZƏRTAC

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) nəzdində fəaliyyət göstərən İslam Dünyası Universitetləri Federasiyası (FUIW) Almaniyanın Marburq Filipps Universiteti ilə birlikdə kiberməkanda İslam mədəni irsinin qorunması, habelə bu sahədə tələbələrə təhsil verilməsi üzrə proqram həyata keçirəcək.

ICESCO-nun baş ofisindən AZƏRTAC-a bildiriblər ki, layihə alman universitetinin Yaxın və Orta Şərq Araşdırmaları Mərkəzində gerçəkləşəcək. Proqrama əsasən, FUIW-ə üzv universitetlərin tələbələri öz xalqlarının mədəni irsinin kiberməkanda qorunması, həmçinin qədim əlyazmaların ümumi reyestrə daxil edilməsi prosesində iştirak edəcəklər.

Proqram çərçivəsində, həmçinin akademik mübadilə aparılacaq, İslam ölkələrində mədəni irs nümunələri rəqəmsallaşdırılacaq. Yaradılacaq ümumi məlumat bazasına ICESCO-ya üzv ölkələrin muzeyləri, kitabxanaları, tarixi-mədəniyyət abidələri daxil ediləcək.

FUIW və Marburq Filipps Universitetinin birgə təşkilatçılığı ilə federasiyaya üzv universitetlərin birinin nəzdində ICESCO-nun əlyazmalar şöbəsinin yaradılması da nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universiteti FUIW-in İdarə Heyətinin üzvüdür.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.