CƏMİYYƏT


ICESCO-nun təşkil etdiyi beynəlxalq seminarda “ağıllı şəhər” konsepsiyası müzakirə edilib

Qahirə, 4 iyun, AZƏRTAC

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) iyunun 5-də qeyd ediləcək Beynəlxalq Ətraf Mühit Günü münasibətilə təşkil etdiyi beynəlxalq seminarda “ağıllı və dayanıqlı şəhər” konsepsiyası müzakirə edilib.

Təşkilatın mərkəzi ofisindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən ICESCO Baş katibinin müavini Əbdililah Benurafa 2021-ci ildə bu əlamətdar günlə bağlı tədbirlərə Pakistanın ev sahibliyi etdiyini diqqətə çatdırıb. O əlavə edib ki, builki tədbirlər “Ekosistemi mühafizə edək!” şüarı altında keçirilir. Natiq vurğulayıb ki, İslam ölkələrində “ağıllı, dayanıqlı və yaşıl şəhərlər” konsepsiyasının həyata keçirilməsi istiqamətində yeni layihə və proqramlar həyata keçirilir. Bu tədbirlər qlobal iqlim dəyişiklikləri fonunda insanların normal həyatının təmin edilməsi baxımından çox əhəmiyyətlidir.

Afrika Birləşmiş Şəhərlər və Yeli Hökumətlər Təşkilatının baş katibi Jan-Pyer Mbassi, UNESCO-nun təmsilçisi Aleksandr Çiçlik və digər natiqlər “ağıllı şəhər” konsepsiyası, süni intellektin tətbiqi, ekosistemin mühafizəsi proqramlarına göstərilən maliyyə dəstəyindən, habelə hökumətlərin bu sahələrdə birgə fəaliyyətindən bəhs ediblər.

Üç gün davam edəcək beynəlxalq seminarda ekologiya, texnologiya və innovasiyalar üzrə ekspertlər videoformatda müzakirələr aparacaqlar.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.