MƏDƏNİYYƏT
ICESCO özünün 39-cu ildönümü münasibətilə açıqlama yayıb
Qahirə, 4 may, AZƏRTAC
Mayın 3-də İslam Dünyası Elm, Təhsil və Mədəniyyət təşkilatının (ICESCO) yaranmasının 39-cu ildönümü qeyd edilib.
AZƏRTAC xəbər verir ki, bu əlamətdar gün münasibətilə təşkilatın baş ofisinin açıqlaması yayılıb.
Açıqlamada bildirilib ki, İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının və 1981-ci ilin yanvarında Məkkədə keçirilmiş İslam Konfransı Sammitinin qərarlarına əsasən 1982-ci il mayın 3-də təsis edilən ICESCO üzv ölkələrdə elm, təhsil və mədəniyyətin inkişafı ilə yanaşı, bəşəriyyətin tərəqqisinə də mühüm töhfə verib. Müxtəlif regional və beynəlxalq transformasiyalara baxmayaraq, ICESCO bu illər ərzində müsəlman aləmində gənclərin işıqlı gələcəyi naminə elmin və təhsilin yeni standartlara uyğun dirçəldilməsi, keyfiyyətcə daha yüksək mərhələyə daxil olması istiqamətində layihə və proqramlar həyata keçirib.
Təşkilatın açıqlamasında vurğulanıb: “Ötən illər ərzində biz qlobal dəyişikliklərin şahidi olduq. ICESCO bununla əlaqədar elm, təhsil və mədəniyyət sahələrində yeni baxış və gələcəyə yönəlmiş təkliflərlə çıxış edib. Həyata keçirilən proqramlar COVID-19 pandemiyasının ağır nəticələrini aradan qaldırmağa imkan verib. Bu səylərin nəticəsində ICESCO üzv ölkələrin və beynəlxalq təşkilatların daha yüksək etimadını qazanıb. Təşkilat gələcəkdə də İslam ölkələrinin konsolidasiyasına nail olmağa və uğurlu inkişafa töhfə verməyə davam edəcək”.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə