ELM VƏ TƏHSİL
ICESCO-ya üzv ölkələrdə distant və rəqəmsal təhsil proqramları həyata keçiriləcək
Qahirə, 12 iyul, AZƏRTAC
İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ICESCO) üzv ölkələrdə distant təhsilin yeni modelinin həyata keçirilməsi və rəqəmsal proseslərin təhsildə tətbiqi üzrə yeni təhsil proqramlarının həyata keçirilməsinə başlayır.
Təşkilatın baş ofisindən AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə Rabatda beynəlxalq texnologiya şirkətləri “Hewlett-Packard”, “Classera” və “Mirai” ilə anlaşma memorandumu imzalanıb. Sənədi ICESCO-nun neynəlxalq əməkdaşlıq üzrə nümayəndəsi, səfir Xalid Fəzalrəhman, beynəlxalq texnologiya şirkətlərinin təmsilçiləri imzalayıblar.
Memorandumda beynəlxalq texnologiya şirkətlərinin təlim prosesində yeni sistemin qurulması və informasiya mədəniyyətinin formalaşdırılması məqsədilə rəqəmsal tədris materiallarının, habelə şagird və tələbələr üçün rəqəmsal kitabxanaların və virtual ünsiyyət proqramlarının hazırlanıb təqdim edilməsi nəzərdə tutulur. Bütün bu yeniliklər distant təhsilin təkmilləşməsi prosesinə xidmət edəcək. Proqramlar çərçivəsində informasiya mübadiləsi və təşkilata üzv ölkələrin milli təhsil sistemində məlumat bazasının yaradılması da həyata keçiriləcək. Bu məqsədlə rəqəmsal transformasiya üzrə inkişaf mərkəzlərinin yaradılması planlaşdırılır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə