MƏDƏNİYYƏT


İÇƏRİŞƏHƏRDƏKİ “BAZAR MEYDANI”INDA BƏRPA İŞLƏRİ MARTDA YEKUNLAŞACAQDIR

Bakı, 8 fevral (AZƏRTAC). Son illər şəhər içində şəhər adlandırılan İçərişəhərin maddi mədəniyyət abidəsi kimi gələcək nəsillərə çatdırılması, eləcə də turizm potensialının artırılması istiqamətində mühüm işlər görülür.

İçərişəhərin tarixi görkəminə xələl gətirilmədən aparılan bərpa işləri burada yerləşən qədim tikili və mədəniyyət abidələrinin əhəmiyyətini daha da artırır. Qoruqdakı “Bazar meydanı”nda aparılan bərpa işləri buna əyani misaldır.

Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin şöbə müdiri Anar Quliyev bildirmişdir ki, Qız qalasının yanında yerləşən “Bazar meydanı” memarlıq abidəsinin ərazisindəki daş eksponatları ekspozisiyasının yenidən təşkili işlərinə başlanılmışdır. Həyata keçirilən layihə muzey fəaliyyəti üzrə dünya təcrübəsi tətbiq olunmaqla Azərbaycanın zəngin tarixi, mədəniyyəti və memarlığı barədə dolğun və xronoloji məlumatın təqdim edilməsi üçün şərait yaradacaqdır.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən ekspozisiyanın yenidən təşkili konsepsiyasının hazırlanması üçün bu sahədə böyük təcrübəyə malik Avstriyanın “Arteks” şirkətinin mütəxəssisləri cəlb olunmuşlar. Kompleksin ərazisində yerləşən yüz illərlə tarixi olan daşların hər birinin memarlıq və qədimlik baxımdan təhlili, ekspozisiyanın dünya standartlarına uyğun formalaşdırılması işləri avstriyalı mütəxəssislərin iştirakı ilə yerinə yetirilir.

A.Quliyevin sözlərinə görə, carı ilin martında tamamlanacaq bərpadan sonra burada ən qədim dövrlərə aid daş abidələri də nümayiş olunacaqdır.

Qeyd edək ki, “Bazar meydanı” ötən əsin 60-cı illərində aparılan arxeoloji qazıntılar zamanı aşkarlanmışdır. Mütəxəssislərin fikrincə, 50–dən çox müsəlman qəbirlərinin də aşkar edildiyi bu məkan tarixən xanəgah kimi mövcud olmuşdur. Qoruq ərazisində ümumilikdə 500-ə yaxın abidə vardır. Bunlardan 3-ü YUNESKO-nun Dünya irsi siyahısına salınmışdır. Burada abidələr haqqında məlumat xüsusi keramik pannolarda əksini tapmışdır. Xəritənin interaktiv elektron variantı da hazırlanmışdır.

Bu günlər qoruq ərazisindəki Asəf Zeynallı küçəsində bərpa, yenidənqurma işləri aparılır, nadir memarlıq inciləri yenidən həyata qaytarılır. Bərpa işləri çərçivəsində xüsusi elmi-istehsalat layihələndirmə emalatxanalarının yaradılması da nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.