MƏDƏNİYYƏT
İÇƏRİŞƏHƏRDƏ “İNCƏSƏNƏT BAĞI”NIN AÇILIŞI OLMUŞDUR
Bakı, 12 may (AZƏRTAC). Mayın 9-da İçərişəhərdə Azərbaycan təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi – “İncəsənət bağı”nın açılışı olmuşdur.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində İçərişəhərdə qısa müddətdə təmir-bərpa işlərinin görüldüyünü bildirmişdir.
Mərasimə qatılan çoxsaylı qonaqlara “Kiçik Karvansara” və “İncəsənət bağı” haqqında ətraflı məlumat verilmiş, xalq sənətkarlığının müxtəlif nümunələri təqdim olunmuşdur.
Açılışda müasir kuklaçı-rəssam Elmira Abbaslının “İçərişəhərin obrazları” sərgisi nümayiş etdirilmişdir. İnternet sorğu nəticəsində müəyyən edilmiş köhnə Bakının 23 personajından 12-si qısa müddət ərzində hazırlanaraq “İncəsənət bağı”nın açılışı günü tamaşaçılara təqdim olunmuşdur.
Qeyd edək ki, “İncəsənət bağı”nın qonaqları iki həftə ərzində hər gün saat 11-dən 18-dək sərgiyə tamaşa edə bilərlər.