MƏDƏNİYYƏT
ICOM-un Baş Assambleyasının növbəti iclası Misirdə keçiriləcək
Bakı, 12 iyun, AZƏRTAC
UNESCO-nun mənzil-qərargahında Beynəlxalq Muzeylər Şurası ICOM-un Baş Assambleyasının 33-cü iclası keçirilib.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ölkəmizi iclasda ICOM-un milli və beynəlxalq komitələrinin üzvü, “QƏSR” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyi idarə heyətinin üzvü Pərvin Gözəlov və ICOM-un Milli Komitəsinin katibi Əminə Məlikova təmsil ediblər.
İclasda təşkilatın milli və beynəlxalq komitələri arasında əməkdaşlıq çərçivəsində, habelə ötən il görülən işlərin hesabatları dinlənilib. Təşkilatın maliyyə məsələlərinin hesabatları müzakirə olunub. İclasda 2022-ci ildə ICOM-un Baş Konfransının hansı şəhərdə təşkil olunacağının seçkisi də keçirilib. Çexiyanın Praqa, Norveçin Oslo və Misirin İsgəndəriyyə şəhərləri namizədlər sırasında olub. Səsvermənin nəticəsinə əsasən, ICOM-un Baş Konfransının Misirin İsgəndəriyyə şəhərində keçiriləcəyi elan edilib.
Qeyd edək ki, Misirin İsgəndəriyyə Kitabxanası dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi irsinin tədqiqinə xüsusi diqqət yetirir. 2014-cü ildən bu kitabxanada Nizami Gəncəvi irsinin kataloqunun hazırlanmasına başlanılıb. Kataloqa şairin irsini araşdıran dünya tədqiqatçılarının bütün əlaqələri, “Xəmsə”nin əlyazmalarının dünya arxivlərində saxlanılan nüsxələrinin qeydiyyatı, habelə Nizami Gəncəvi irsinə həsr olunmuş kitablar, araşdırmalar, məqalələr daxildir.