ELM VƏ TƏHSİL
IDEA Ətraf Mühit Kampaniyası ali təhsil müəssisələrində əlaqələndiricilərin seçimini elan edir
Bakı, 8 fevral (AZƏRTAC). Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası (IDEA) ekologiyanın qorunması işinə gənclərin cəlb edilməsinə daim xüsusi diqqət yetirmişdir. Buna görə də kampaniya daha geniş gənclər şəbəkəsini əhatə etmək, universitetlərdə dayanıqlı ekoloji mədəniyyəti formalaşdırmaq, tələbələr arasında ekoloji düşüncəni təbliğ etmək məqsədilə Azərbaycan Respublikasında fəaliyyət göstərən hər bir ali təhsil müəssisəsində kampaniyanın əlaqələndiricilərinin seçiminə başlayır.
IDEA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, təhsil aldığı müəssisədə IDEA kampaniyasının əlaqələndiricisi kimi fəaliyyət göstərmək istəyən gənclər fevralın 20-dək CV və “istək məktubu”nu [email protected] ünvanına göndərməlidirlər.
Seçim prosesindən müvəffəqiyyətlə keçənlər əvvəlcə IDEA Resurs Mərkəzində “Ətraf mühitin mühafizəsi”, “Layihələrin yazılması”, “Komanda işi” və digər mövzularda təlimlərdə iştirak etmək imkanı qazanacaqlar. Təlimləri uğurla başa vuran tələbələrə IDEA kampaniyasının əlaqələndiricisi kimi fəaliyyət göstərmək üçün xüsusi sertifikatlar veriləcəkdir. Daha sonra həmin gənclər təhsil aldıqları universitetlərdə 10 nəfərdən ibarət komanda yaradaraq birillik fəaliyyətə başlayacaqlar.
Komandalar ətraf mühitin mühafizəsi mövzusunda müxtəlif seminarlar, universitetdaxili ekoloji debatlar, elmi müzakirələr və digər tədbirlər təşkil edəcəklər.
Ali təhsil müəssisələrində fəaliyyət göstərəcək IDEA əlaqələndiriciləri ekoloji layihələr və tədbirlər haqqında daha çox gənci məlumatlandıracaq, həmçinin tələbələrin elmi və praktiki biliklərinin inkişaf etdirilməsi istiqamətində müntəzəm və fəal iş aparacaqlar.
Ətraf mühitin mühafizəsi işində gənclərin iştirakının vacibliyinə xüsusi önəm verən IDEA kampaniyası 2011-ci il iyulun 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başlanmışdır.