CƏMİYYƏT


IDEA “Eko-skaut”larının sayı gündən-günə çoxalır

Bakı, 16 oktyabr, AZƏRTAC

IDEA İctimai Birliyinin təşəbbüsü ilə start verilən və gənc təbiətsevərlərin böyük marağına səbəb olan “Eko-skaut” layihəsi uğurla davam edir. Qısa müddət ərzində sayları 160-a çatan IDEA eko-skautlarının aktiv üzvlərinin iştirakı ilə oktyabrın 13-də Park Bulvar Ticarət Mərkəzində “Tullantıdan incəsənətə” mövzusunda sərgi keçirilib.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, sərginin təşkilində məqsəd tullantıların düzgün idarə edilməsinə kömək etmək, istifadəyə yararsız əşyalara təkrar istifadə yolu ilə ikinci həyat vermək, tullantıların azaldılmasını kiçik yaşlardan təbliğ etmək və uşaqların asudə vaxtlarının səmərəli istifadəsini təşkilindən ibarətdir.

30-dan çox əl işinin nümayiş edildiyi birgünlük sərgidə plastik qablardan, yumurta qabıqlarından, yararsız və köhnə qəzetlərdən, parça kəsiklərindən, düymələrdən və digər tullantı məhsullarından istifadə edilərək hazırlanmış kiçik sənət nümunələri nümayiş edilib.

Eko-skautlar sərgiyə baxmaq üçün yaxınlaşan və əl işlərinə maraq göstərən hər kəsə ətraf mühitin mühafizəsi naminə təkrar istifadə, eləcə də tullantıların azaldılması prinsiplərinin əhəmiyyətindən bəhs ediblər.

Xüsusi aktivlik göstərərək müvafiq balı toplamış eko-skautlar növbəti mərhələyə keçərək yeni status qazanıblar. Onlar ətraf mühitin qorunmasında, təbiətə qarşı qayğıkeş münasibətdə, ekoloji problemlərin həlli yollarını axtarmaqda fəal iştiraklarına və layihənin ikinci mərhələsini uğurla keçdiklərinə görə “Bələdçi” statusuna layiq görülüb, sertifikatla təltif ediliblər.

Tədbirin sonunda sərgi iştirakçıları Tusi-Bohm Planetariumda “Ağacların sirri” filmini izləyiblər. Daha sonra, IDEA tərəfindən eko-skautlara xatirə hədiyyələri təqdim edilib.

Qeyd edək ki, “Eko-skaut” layihəsinə ötən ilin mart ayında start verilib. Layihənin məqsədi gəncləri təbiətin mühafizəsinə cəlb etmək, onları təbiətin bəxş etdiyi sərvətlərdən qənaətlə və düzgün istifadəyə təşviq etmək, canlı aləmi dərindən öyrənməyə və qorumağa, eləcə də cəmiyyətdə faydalı ekoloji işlərlə məşğul olmağa sövq etməkdən ibarətdir. IDEA eko-skaut layihəsi gənclərə planet üçün təhlükə yaradan ekoloji problemləri dərk etmək və bu problemlərin həllinə digərlərini də cəlb etməklə, bu ictimai hərəkatda iştirak etmək və onun lideri olmaq imkanı yaradır.

IDEA eko-skaut layihəsi haqqında, o cümlədən qeydiyyat, üzvlük qaydaları, balların toplanması və s. ilə bağlı ətraflı məlumatı (http://www.ideacampaign.org/ecoscout/) linkindən və ya (012) 497 6316 nömrəli telefondan əldə etmək olar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.