Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

İFLAS
MAYIN 16-DA AZƏRBAYCAN TELEVİZİYASI İLƏ EFİRƏ GETMİŞ “İFLAS” VERİLİŞİNİN MƏTNİNİ OXUCULARA TƏQDİM EDİRİK

APARICI: 1992-ci il mayın 8-də Şuşanın xəyanət nəticəsində işğalı Azərbaycandakı mürəkkəb ictimai-siyasi vəziyyəti daha da ağırlaşdırdı. Bu, Ayaz Mütəllibovun və cəbhəçi bəylərin xalqımıza qarşı törətdikləri növbəti qanlı cinayətlərdən biri idi. Buna qədər Moskvadakı Primakov kimi havadarları ilə birləşən Mütəllibov 1990-cı ilin 20 yanvarında Bakıda yüzlərlə günahsız insanın qanının tökülməsinə rəvac vermişdi. Vətən övladlarının, soydaşlarımızın azadlıq, müstəqillik arzularından xəyanətkarcasına istifadə edən Mütəllibov 20 Yanvar şəhidlərinin qanı üzərindən adlayaraq, çoxdan arzusunda olduğu hakimiyyət kürsüsünə yiyələndi. Lakin o, bununla kifayətlənmədi.

Moskvanın əlində oyuncağa çevrilən Mütəllibov Azərbaycanı xəyanət poliqonuna çevirdi və torpaqlarımızı erməni işğallarından qorumaq əvəzinə, öz çürük hakimiyyətini möhkəmlətmək barədə düşünürdü. O, bunun da yolunu Moskvanın buyruğu ilə oturub-durmaq, onların göstərişlərini kölə kimi yerinə yetirməkdə görürdü. Şübhəsiz ki, bunlar Azərbaycana yeni faciələr, yeni fəlakətlər gətirirdi.

Ayaz Mütəllibov Moskvadan tapşırıq gözləməkdə, Qarabağ isə qan-qada içində idi. Hər gün cəbhədən ağır xəbərlər gəlirdi. Erməni talançılığı, vəhşiliyi davam edirdi. Boşalan, yandırılan kəndlərin sayı günbəgün artırdı. Bu isə əli qana batmış Mütəllibovun tükünü də tərpətmirdi. 20 Yanvar faciəsi də, Xocalı soyqırımı da məhz Ayaz Mütəllibovun öz xalqına, onun taleyinə cinayətkarcasına laqeyd, biganə münasibətinin nəticəsi idi.

ŞUŞA ŞƏHƏR SAKİNİ: Xocalı, ətrafda olan bütün kəndlər, qəsəbələr məhv edildikdən sonra, təbii ki, Şuşa getməli idi. Xocalı boyda şəhərin, orada yaşayan əhalinin müsibətindən sonra bizim hakimiyyətin göstərişi ilə televiziyada iki nəfərin şəhid olması deyilirsə, məncə, artıq şərhə ehtiyac yoxdur.

VÜQAR ƏSƏDOV \Sabunçu rayonunun sakini\: Xocalı faciəsi xalqımızın yaddaşından heç vaxt çıxmayacaqdır. 1992-ci il fevralın 26-da hakimiyyətin xəyanəti nəticəsində Xocalı faciəsi baş verdi. Onda Ayaz Mütəllibov respublikanın rəhbəri kimi hadisələrin qarşısını almaq üçün heç bir tədbir görməmişdi.

TAPDIQ KAMALOV \Milli Məclisin deputatı\: Kürsü davası, hakimiyyət davası, nəyin bahasına olursa-olsun, hakimiyyətini möhkəmləndirmək davası Xocalı faciəsinin baş verməsinə səbəb oldu. Ayaz Mütəllibov bundan da ibrət dərsi götürmədi.

Mənim yadımdadır, o vaxt Milli Şura yaradılmışdı. Keçirilən ümumi iclasda belə qərara alındı ki, deputat istintaq komissiyası yaradılsın və o, Xocalı faciəsini araşdırsın, günahkarları tapıb ortaya çıxarsın. Deputat istintaq komissiyası yaradıldı. Bu, hamının yadındadır. Onun sədri Ramiz Fətəliyev oldu.

Mayın 14-də Xocalı məsələsi müzakirəyə çıxarıldı. O vaxt komissiyanın rəyi belə idi ki, Xocalı faciəsində Ayaz Mütəllibovun heç bir günahı yoxdur, sadəcə səhlənkarlıq edibdir. Bu səhlankarlıq nəticəsində üç-beş nəfər zərər çəkibdir. Ancaq sonra məlum oldu ki, onların dediyi kimi yox, yəni üç-beş nəfərin yox, yüzlərlə insanın həyatına son qoyulub, dünyada görünməmiş soyqırımı baş veribdir. Bunu xalqdan gizlətdilər.

Xocalı faciəsi tarixdə analoqu olmayan, görünməmiş bir soyqırım idi. O dəhşətli gecədə 650-yə yaxın günahsız azərbaycanlı – qoca, cavan, uşaq vəhşicəsinə qətlə yetirildi. Yüzlərlə insan əsir düşdü, girov götürüldü. Şəhər yer üzündən silindi, bir gecənin içində torpağa gömüldü. Lakin hakimiyyəti vətənindən, millətindən üstün tutan Ayaz Mütəllibova, cəbhəçi bəylərə bu da ibrət dərsi olmadı. Onlar erməni daşnaklarının bu qanlı cinayəti barədə dünyaya car çəkmək əvəzinə, hakimiyyət uğrunda ölüm-dirim savaşına qalxdılar.

Xocalı soyqırımı Mütəllibovun zorla istefaya göndərilməsi ilə nəticələndi. Lakin o, bununla barışmaq, özündən çox istədiyi kreslosunu unutmaq fikrində deyildi. Elə bu məqsədlə də Mütəllibov öz tərəfdarlarının bir qrupu ilə ölkədə yeni xaos yaratmağa, yenidən hakimiyyətə qayıtmağa can atırdı və 20 Yanvar, Xocalı soyqırımı və digər faciələr kimi, Şuşa da Mütəllibov ilə cəbhəçi bəylərin hakimiyyət çəkişmələrinin qurbanı oldu.

İSA DADAŞOĞLU \Jurnalist\: Doğrudan da Şuşa xəyanətin qurbanı oldu. Şuşa dağ kimi dayanmışdı. Şuşa camaatı onu qorumaq, müdafiə etmək uğrunda düz beş il ermənilərlə döyüşdü. Amma səsimizə səs verən olmadı. O vaxt Şuşa işğal edildi. Şuşadan ermənilərə qarşı heç bir atəş olmadı. Rəhim Qazıyev buna heç bir reaksiya vermədi.

Bundan əlavə, hər gün Şuşanın ətrafında olan kəndlərin biri işğal olunurdu. Biz Rəhim Qazıyevə deyəndə ki, kömək edin, deyirdi ki, hər şey düzələcək. Bax, beləlilklə, Şuşanın ətraf kəndləri də getdi. Malıbəyli ilə Quşçular kəndləri od tutub yanırdı. 1992-ci il fevralın 10-dan 11-nə keçən gecə həmin kəndlər də zəbt olundu.

O zaman rus qoşunu Şuşanın aşağı tərəfində bizim qabağımızı kəsmişdi. İnanın, camaatın qışqırığı Şuşada eşidilirdi. Hamı əli qoynunda oturub ağlaşırdı. Heç bir kömək yox idi.

Biz o vaxt Şuşadan Ayaz Mütəllibovun qəbuluna gəldik. Dedik ki, Şuşa əldən gedir, kömək yoxdur. O da bizi arxayın etdi, dedi, gedin, nə qədər texnika, qüvvə lazımdırsa göndərəcəyəm. Biz də çox şadyana Şuşaya qayıtdıq. And olsun Allaha, gəlib gördük ki, ermənilər Şuşanı tamamilə dağıdıblar. Camaat dedi ki, yarım saat əvvəl ermənilər buranı dağıdırdı. Onlara dedik ki, Ayaz Mütəllibov bizi arxayın etdi ki, qüvvə, texnika göndərəcəkdir. Camaat da dedi ki, o, sizi elə-belə yola salıbdır. Ondan sonra bütün kəndlər işğal olundu. Şuşaya kömək etmədilər. Beləliklə, Şuşa xəyanətin qurbanı oldu.

APARICI: Həm Mütəllibov iqtidarı, həm də müxalifət düşərgəsi Şuşa itgisindən öz çirkin niyyətləri üçün canfəşanlıqla istifadə etməyə səy göstərirdilər. Ayaz Mütəllibov Şuşanı düşmənə təslim etməklə cəbhəçilərdən intiqam almaq və bununla da hakimiyyətə gəlmək istəyirdisə, sonuncular növbəti xəyanətlə – Laçını təhvil verməklə Mütəllibovu aradan götürmək istəyirdilər. Beləcə, hər iki tərəf hakimiyyət hərisliyi ilə torpaqlarımızı hərraca qoymuşdu.

ƏYYUB ƏBDÜLƏZİMOV \Şuşa şəhər təhsil şöbəsinin işçisi\: O dövrdə hakimiyyətə təsadüfü adamlar gəldilər. Onlardan biri də müdafiə naziri Rəhim Qazıyev idi. Mən belə düşünürəm ki, Rəhim Qazıyev heç orta məktəbdə dərs deməyə layiq olmayan bir adamdır. Çal papağı başına qoyub gündə Şuşaya gəlirdi, hay-küy salırdı ki, mən belə edəcəyəm, elə edəcəyəm. Düzdür, bəzi insanların da nöqsanı idi ki, onlar Rəhim kimi adama inandılar.

Ayaz Mütəllibov prezident kimi nəinki Şuşa, heç bir yer haqqında düşünmürdü. O və ətrafındakı adamlar ancaq hakimiyyət kürsüsü barədə fikirləşirdilər. Mən çox ürək ağrısı ilə deyirəm ki, on ildir Şəhidlər xiyabanına gəlib-gedirik. Biz bu günahsız insanların məzarlarını görəndə xəcalət çəkirik. Axı, nə üçün bu boyda məzaristanlıq salınmalıdır. Bu adamlar günahsız yerə qırılıblar. O cümlədən Şuşanın, onun ətrafındakı rayonların bir çox qəhrəman oğulları günahsız yerə qırıldılar.

Bilirsiniz, Şuşa necə işğal olundu? Əvvəlcə Şuşanın ətrafından başladılar, kəndləri yandırdılar, insanları vahiməyə saldılar, qorxutdular. Heç kim bir-birinin köməyinə getmədi. Şuşa mühasirədə qalanda çoxunun yadına düşmürdü. Şuşa müdafiəsiz qaldı və qorunmadı. Azərbaycanın mənəviyyat pasportu, dünyanın ən nadir incilərindən biri, tarix və memarlıq abidələrimizin ən gözəl diyarı olan Şuşa əlimizdən getdi. Ölkəni idarə edə bilmirdilər. Öz başlarının hayına qalmışdılar. O dövrün rəhbərlərinin hamısının adıni tarixin qara səhifəsinə yazmaq lazımdır. Bu torpaqları nə cür veriblər, o cür də millətə qaytarsınlar. Onların bu millətin qarşısında gəzməyə, danışmağa mənəvi hüquqları yoxdur.

APARICI: Şuşanın işğalı Ermənistanla ölüm-dirim savaşında olan Azərbaycanın qəddini əydi. Lakin vəzifə, kreslo hərislərinin iştahasını bu da kütləşdirmədi. Əksinə, onlar yaranmış vəziyyətdən öz çirkin niyyətlərinə çatmaq üçün yararlandılar. İşğaldan bir həftə sonra, mayın 14-də Mütəllibovun bir qrup tərəfdarlarının avantürist ssenarisi ilə Ali Sovetin sessiyasının çağırılması da bunu təsdiq edir. Sessiyanın gedişindən məlum oldu ki, bundan məqsəd Mütəllibovun Xocalı faciəsində günahkar olmadığını sübuta yetirməkdir.

Deputat istintaq komissiyası dəridən-qabıqdan çıxaraq, bunu sübut etməyə cəhd göstərirdi. Komissiyanın belə loyal mövqe tutması gözlənilən idi. Çünki onun tərkibi əvvəlcədən elə seçilmişdi ki, onlar bütün maraqlı qüvvələrin mənafelərini təmsil etməli idilər və etdilər də. Nəticədə, 1992-ci il mayın 14-də növbəti tamaşa oynanıldı və Mütəllibov birgünlük hakimiyyətə gətirildi.

ALİ SOVETİN 1992-Cİ İL 14 MAY SESSİYASINDAN

YAQUB MƏMMƏDOV\Ali Sovetin sədri\: Təklif belədir, martın 6-da prezidentin istefası haqqında Ali Sovetin qəbul etdiyi qərar ləğv olunsun. Kim bu təklifə tərəfdardır səs versin. Xahiş edirəm, tablo işə düşsün. Əlavə iş çıxarmayın.

ARAZ ƏLİZADƏ: Burada məsələ kimdənsə qisas almaqda, kimisə müdafiə etməkdə deyildir. Məsələ Mütəllibovda da deyildir. Məsələ ondadır ki, biz indiyədək qeyri-qanuni hərəkətləri ört-basdır edə-edə gəlib bu günə çıxmışıq. Əgər vaxtında 20 Yanvar faciəsini törədən cinayətkarların adları çəkilsəydi, biz gəlib bu günə çıxmazdıq.

YAQUB MƏMMƏDOV: Biz o biri məsələləri sonra həll edərik. Təklif var ki, prezident Ayaz Niyaz oğlu Mütəllibov yoldaşa söz verək. O, müraciətini etsin, sözünü desin, sonra isə bilirsiniz ki, sərhəddə vəziyyət çox ağırdır. O, bu işlərlə məşğul olardı, biz isə iclasımızı davam etdirərik. Etirazınız yoxdur ki? Yoxdur. Ayaz Niiyazoviç, buyurun.

AYAZ MÜTƏLLİBOV: Hörmətli millət vəkilləri, son zamanlar fövqəladə sessiya keçirmək bizə çox nəsib olur. Ancaq mən taleyimdən, Allah-təaladan istərdim ki, belə fövqəladə sessiyalar keçirməyə ehtiyac olmasın. Mən keçmiş fəaliyyətimi bir aktyorlu teatra bənzədirəm. Elə olmasın ki, bundan sonra da belə olsun.

Burada çıxış edən yoldaşların dediyi sözlərlə mən tam şərikəm. Millət, dövlət böyük təhlükə qarşısındadır. Əfsuslar olsun ki, biz siyasi nöqsanlara yol verimişik. Biz siyasətə sadəlövlüklə yanaşmışıq. Odur ki, bax bu siyasətin acı nəticələri bir-bir üstümüzə gəlir...

 

APARICI: Tribunaya qalxan Mütəllibov bir neçə dəqiqəlik çıxış etdi. Lakin məlum oldu ki, onun xalqa deyəsi sözü çoxdan qurtarıb və buna üzü də yoxdur. Bircə onu dedi ki, sabah Müstəqil Dövlətlər Birliyinin Daşkənddəki yığıncağına getməlidir. Amma başa düşmürdü ki, azadlıq mücadiləsi ilə yaşayan bir xalqı daha yad nəfəslə idarə etmək mümkün olmayacaqdır. Elə buna görə də hakimiyyəti bir gün də olsa saxlaya bilmədi.

ŞAİTDİN ƏLİYEV ( Milli Məclisin deputatı): 1992-ci ilin mayın 14-də Ali Sovetin sessiyasında respublikada ictimai-siyasi vəziyyət haqqında məsələnin müzakirəsi ortaya çıxarıldı. Bu məsələ müzakirə edilən zaman təklif olundu ki, Xocalı hadisələri ilə bağlı deputat istintaq komissiyasının məlumatı dinlənilsin. Komissiyanın sədri Ramiz Fətəliyev və komissiyanın üzvləri deputatlar qarşısında məlumat verərək belə rəy yaratdılar ki, o vaxtkı ölkə prezidenti Ayaz Mütəllibovun Xocalı faciəsində günahı yox, səhlənkarlığı vardır. Bu məqamda Ayaz Mütəllibovu zala gətirdilər və o, təzədən hakimiyyətə qayıtdı. Onun hakimiyyətə qayıtması cəmi bir gün davam etdi. Xalq bir daha göstərdi ki, o, hakimiyyətdə qala bilməz. Yəni cəmiyyətin, xalqın qəbul etmədiyi bir şəxs hakimiyyət başında ola bilməz.

Bir məsələni də xatırlatmaq istərdim. Xalq yaxşı bilir, o dövrdə Milli Məclisdə təmsil edilən Xalq Cəbhəsinin nümayəndələri məhz hakimiyyət başında olan Ayaz Mütəllibova qarşı mübarizə aparırdı. Milli Məclisdə hakimiyyətin ünvanına, Ayaz Mütəllibovun ünvanına olmazın söhbətlər edirdilər. Lakin çox təccüblü hal odur ki, vaxtilə bir-birinə düşmən olan şəxslər indi, həmin hadisələrdən 10 il keçdikdən sonra, Ayaz Mütəllibov səhnədən getdikdən sonra – hazırda o, Moskvada yaşayaraq, Azərbaycanda partiya yaratmışdır- bir-biri ilə müttəfiq olaraq hakimiyyətə yenidən gəlmək uğrunda birlikdə mübarizə aparırlar. Bir daha demək istəyirəm, məgər xalq bütün bunları görmürmü? Xalq artıq 1990-cı ildəki xalq deyil, ağı-qaradan yaxşı seçir.

İBRAHİM MUSTAFAYEV (Əzizbəyov rayonunun sakini): O vaxt Azərbaycana rəhbərlik edən Ayaz Mütəllibov iqtidarı səriştəsizlik nümayiş etdirərək, xalqımızın başına müsibətlərin gətirilməsinə səbəbkar oldu. Həmin dövrdə baş verən Xocalı faciəsi, ondan sonrakı proseslər sübut edir ki, Ayaz Mütəllibov Azərbaycana yox, birbaşa imperiyaya xidmət edirdi. Azərbaycan xalqının imperiyadan xilas olması üçün ölkə vətəndaşı kimi heç bir səy göstərmirdi.

1992-ci ildə baş vermiş hadisələr xalqımızın səbr kasasının daşmasının təzahürü oldu. Çox təəssüf ki, həmin dövrdə hakimiyyət heç bir siyasi təcrübəsi olmayan, iqtisadiyyatda səriştəsi olmayan insanların, siyasi demaqoqların əlinə keçdi. Bu dövrdən etibarən Azərbaycanda silahlı birləşmələrin hakimiyyət uğrunda mübarizəsi heç bir əxlaqi, etik normaya sığmadan genişlənməyə, ərazilərimiz itirilməyə başladı, millətimizin genefonduna sağalmaz zərbələr vuruldu.

Şübhəsiz ki, 15 may hadisələri, Ayaz Mütəllibovun ikinci dəfə hakimiyyətdən gedişi və AXC-Müsavat cütlüyünün hakimiyyətə gəlməsinin əsasını qoydu. Həmin dövrə qiymət verərkən demək istəyirəm ki, bu gün müxalifətdə olan qüvvələr yenə də 1992-ci ili yaddan çıxarmayıblar. Meydan eyforiyası ilə yaşayan bu insanların təfəkküründə heç bir dəyişiklik baş verməyibdir. Onlar hakimiyyətə gəlməyin sivil formalarına deyil, qeyri-konstitusion yollarla gəlməyə, bunun küçələrdə, meydanlarda həll olunmasına ümid edirlər. Azərbaycanın gənc vətəndaşı olaraq bildirirəm ki, bu gün dünya sivil mübarizəni əsas tutur. Hakimiyyət məsələləri seçkilərdə həll olunur, xalq öz iradəsini ortaya qoyur və istədiyi namizədə səs verərək iradəsini ifadə edir.

Xalqın tələbi ilə hakimiyyətdən gedən, hazırda Azərbaycandan kənarda yaşayan və Azərbaycana qarşı iftiralar, böhtanlar yağdıran Ayaz Mütəllibov hələ də hakimiyyət iddiasındadır. Mütəllibov hələ o dövrdə deyirdi ki, Azərbaycanın digər rayonları da işğal olunsun, amma mən Bakı kimi bir əraziyə rəhbərlik etsəm, Bakının qubernatoru olsam da kifayətdir. Yəni milli hisslər olmayan bir adamda millət, vətəndaşlar, torpaq haqqında düşünmək anlayışı ola bilməz. Xocalı faciəsi zamanı Ayaz Mütəllibov deyirdi ki, guya cəmi 3 nəfər həlak olub, hətta bunu azərbaycanlıların özləri törədiblər. Bütün bunlar milli, insani hisslərdən uzaq olan bir adamın fikridir. Xalqına qarşı xəyanətkar mövqe tutmuş bir insan heç vaxt Azərbaycan hakimiyyətində təmsil oluna bilməz. Xalqımız öz sözünü deyib və fikrini ifadə edibdir: belə insanlara respublikamızın hakimiyyətində yer yoxdur.

AXC-Müsavat iqtidarına gəldikdə isə, onlar o dövrdə Azərbaycanda milli fəlakətin əsasını qoydular. Vaxtilə Napoleon deyirdi ki, ali hakimiyyətin zəifliyi milli fəlakətlərin ən dəhşətlisidir. Bəli, AXC-Müsavat iqtidarı həmin dövrdə milli fəlakətin təməlini qoydu.

APARICI: Mütəllibovun gəlişi Şuşanın işğalı ilə başlandısa, gedişindən iki gün sonra Laçın rayonu erməni işğalçılarının caynağına keçdi.

MİKAYIL İSAYEV (Şəhid atası): Aramızda ermənilərə şərait yaradanlar da olubdur. O vaxt camaata kağız paylamışdılar ki, sizin təhlükəsizliyinizi təmin edə bilməyəcəyik. Necə olur ki, vaxtilə Sultan bəy öz qoşunu ilə erməniləri məğlub edə bilirdi, amma biz Sovet hökumətindən qalan güclü silahlarla ermənilərin qarşısını ala bilmədik? Ona görə ki, daxildə xəyanətkarlar çox olubdur, satqınçılıq olubdur.

O vaxt camaat Ayaz Mütəllibovdan kömək istəyəndə yalandan söz verdi, amma əməl etmədi. Bəziləri deyidi ki, ermənilər mədəni millətdir, onlar bizim torpağı ayaqlamazlar, millətimizə xəyanət etməzlər. Bizim ağsaqallar o vaxt Rəhim Qazıyevin də yanına gəlib ondan kömək istəyiblər. O deyib ki, bizim heç bir köməyimiz, silahımız yoxdur. Bütün bunlar ermənilərə şərait yaratmaq deməkdir. Ermənilər bizim düşmənimizdir. Bunu həmişə, hər yerdə deməliyik.

Rəhim Qazıyev özü açıq dedi ki, Şuşanın getməsi yalandır, şayiədir, əgər Şuşa getsə başıma güllə vuracağam, anamın südü mənə haram olsun. Amma indi deyir ki, mənim nə günahım var, açıq məhkəmə olsun. Bəs günahkar kimdir? Demək, günahkar çöllərə düşən bir milyon qaçqındır?! Heç kəs özünü günahkar saymır. Hesab edirəm ki, cinayətkarlar bu gün yox, vaxtında cəzalarını almalı idilər. İndi Ayaz Mütəllibov qaçıb Moskvada oturubdur.

İBRAHİM MƏMMƏDOV \Laçın rayonunun sakini\: Heç kimin ağlına gəlməzdi ki, Laçın işğal oluna bilər. Lakin iş elə gətirdi ki, o dövrdəki iqtidar hakimiyyət kürsüsünü vermək istəmir, müxalifət isə hakimiyyətə gəlmək istəyirdi. Bu çəkişmənin nəticəsində ordu hissələri dayanmadan geri çəkildi. Laçın, Şuşa ərazisində olan ordu Ali Sovetin qarşısına gətirilirdi. Burada hakimiyyət davası gedirdi. Hərə bir tərəfdən hakimiyyətə can atırdı. Laçın, bax, belə xəyanətin qurbanı oldu.

APARICI: Beləliklə, ermənilər illərlə arzusunda olduqları xülyanı reallaşdıra bildilər. Dağlıq Qarabağla Ermənistan arasında dəhliz açıldı. Bu, gələcək işğalların əsasını qoydu və onların reallaşması üçün şərait yaratdı. Mütəllibov-Xalq Cəbhəsi qarşıdurması torpaqlarımızın itirilməsi, ölkəmizin ağır məğlubiyyətləri ilə müşayiət olunurdu. İqtidarlı-müxalifətli vəzifə hərislərinin savaşı, yurdu, torpağı ayaq altına qoyması heç bir əxlaqa, heç bir məntiqə sığmır.

Mayın 14-dən sonra Xalq Cəbhəsi hakimiyyəti ələ keçirmək üçün daha da fəallaşdı. Qarabağ isə al-qan içində idi. Buna baxmayaraq, tanklar, silahlar cəbhə bölgələrindən Bakıya gətirilərək Ali Sovetə, digər hökumət və dövlət strukturlarına tuşlandı.

ELÇİN EYVAZOV \Bakı şəhərinin sakini\: Xalq Cəbhəsi yaranmış vəziyyətdən istifadə edərək, silah yolu ilə hakimiyyətə gəldi. Onların bir illik hakimiyyəti dövründə Azərbaycan həm iqtisadi, həm də siyasi mənada uğursuzluqlara düçar oldu.

14-15 may hadisələri ilə bağlı demək istəyirəm ki, Ayaz Mütəllibov həmin dövrdə hakimiyyətdən uzaqlaşdırıldı. O, Azərbaycan xalqının milli mənafeyinə xidmət etməyən bir şəxs idi. Rus imperiyasının maraqlarını Azərbaycanda qoruyan, ölkəmizin mənafeyi əleyhinə xidmət göstərən şəxs olduğu üçün hakimiyyətdən uzaqlaşdırılmışdı. Təsadüfü deyil ki, qaçıb Rusiyada oturub, Azərbaycanda siyasi proseslərə yenidən qoşulmaq niyyətini bəyan edir. Bu, xalq tərəfindən heç vaxt qəbul edilə bilməz. Ayaz Mütəllibov haqqında cinayət işi qaldırılıbdır. Lakin o, Moskvada gizlənərək, Azərbaycanda vəziyyəti gərginləşdirmək məqsədi güdür.

FAİQ KƏRİMOV \Binəqədi rayonunun sakini\: Xalqı xəyanət edib vəzifəyə gəlmək bu cür insanların əqidəsidir. Onlar bu əqidə ilə yaşayırlar ki, insan itkisi olsun, torpağı satıb vəzifəyə yetsinlər. O vaxt ictimai-siyasi proseslərdə fəal iştirak edən Xalq Cəbhəsi də hakimiyyətə gəlmək fikrinə düşdü. Onlar bu fikirdə olanda Ayaz Mütəllibov hakimiyyətə yenidən qayıtmaq iddiasına düşdü. Mayın 14-də Ali Sovetdə Ayaz Mütəllibova təlxəklik edən bəzi deputatlar onu ikinci dəfə hakimiyytə gətirib vəzifəsini bərpa etdilər. Düzdür, o vaxt xalq Ayaz Mütəllibov hakimiyyətini devirmək istəyirdi, bu proseslər gedirdi. Sadəcə olaraq, Xalq Cəbhəsi bu proseslərdən istifadə etdi, döyüş bölgələrindən silahlı qüvvələri Bakıya gətirdi. Mən 1992-ci ildə Goranboy batalyonunda olarkən batalyonun bəzi hissələri də Bakıya aparıldı. Onlar Laçından, Şuşadan silahlı qüvvələri geri çağırdılar və hakimiyyəti devirdilər.

APARICI: Dağlıq Qarabağdakı vəziyyət ekstremal həddə çatmışdı. Laçın rayonu növbəti xəyanətin qurbanına çevrilirdi. Amma bu, Xalq Cəbhəsini düşündürmürdü. Onları maraqlandıran hakimiyyət, kreslo idi. Elə bu məqsədlə də bütün vasitələrdən istifadə edirdilər ki, hakimiyyətə gəlsinlər və mayın 16-dan etibarən faktiki olaraq hakimiyyəti ələ keçirdilər.

Ermənistan silahlı qüvvələri bundan istifadə edərək, getdikcə Azərbaycanın içərilərinə irəliləyir, Dağlıq Qarabağda görünməmiş vəhşiliklərini davam etdirirdilər. Bir vaxtlar Topxana meşəsinin qeyrətini çəkənlər, sanki, Dağlıq Qarabağda baş verənləri görmür, insanların harayını eşitmir, yeni-yeni işğallara rəvac verirdilər.

VÜSAL İSMAYILOV \Binəqədi rayonunun sakini\: Azərbaycan xalqı Ayaz Mütəllibovu bir rəhbər kimi qəbul etmirdi. O dövrdə hakimiyyət çevrilişi etməyə çalışan qüvvələr respublikamızda gərginlik yaradırdılar. Həmin gərginliyin də ağırlığı xalqın üzərinə düşürdü. Öz hakimiyyətini qoruyub saxlamağa çalışan Ayaz Mütəllibov ermənipərəst siyasəti yürüdürdü, ermənilərə dəstək verən adamlarla əlbir birgə siyasət yürüdürdülər. Bunun nəticəsində Xocalı faciəsi baş verdi və bu faciəli tarixi yaradan məhz Ayaz Mütəllibov oldu. O, bu faciəli tarixi yaratmasına baxmayaraq, yenə də hesab edirdi ki, hakimiyyətdə oturmağa haqqı çatır. Lakin xalq bunu qəbul etmirdi.

Çox maraqlıdır ki, o vaxt Ayaz Mütəllibovu lənətləyən, onu Azərbaycan xalqına qarşı xəyanətdə günahlandıran insanlar, müxalifət qüvvələri bu gün Ayaz Mütəllibovla əməkdaşlıq edirlər, onunla danışıqlara gedirlər. Mən o dövrdən bir hadisəni xatırlatmaq istərdim. O vaxt Ayaz Mütəllibovun hakimiyyətini devirməyə cəhd edən və bu gün müxalifətdə təmsil olunan İsa Qəmbər və onun ətrafındakılar Ayaz Mütəllibovun vəzifədən getməsi ərəfəsində hakimiyyət bölgüsü aparmışdılar. Kimin hansı vəzifə daşıyacağını əvvəlcədən müəyyənləşdirmişdilər. Bu onu göstərir ki, onların kəşfiyyat mənbəyi bir idi, bir mənbədən istiqamətləndirilirdilər. Zaman, tarix sübut edir ki, həmin istiqamətverici mənbə indi onların birləşməsinə cəhd edir. Bu gün Ayaz Mütəllibovla İsa Qəmbərin əməkdaşlıq etməsi sübut edir ki, onlar həmin istiqamətverici qüvvənin təhriki ilə hərəkət edirlər. Onlar ölkəmizdə yaranmış ictimai-siyasi sabitliyi heç cür qəbul etmək istəmirlər.

Bütün dünya ictimaiyyəti, dünya ölkələri Azərbaycanın günbəgün inkişafını görürlər. Dünyanın bir çox dövlətləri Azərbaycanla iqtisadi, siyasi, sosial sahədə əməkdaşlıq edir. Şübhəsiz ki, bu inkişaf ölkəmizin rəhbəri Heydər Əliyevin apardığı siyasətin məntiqi nəticəsidir. Cənab Heydər Əliyevin siyasi gücünü, qüdrətini bilən, görən müxalifət bunu qəbul etmək istəmir, qaragüruhçü qüvvələrin əli ilə hakimiyyətə yenidən gəlmək üçün Azərbaycanda hadisələri qızışdırmağa çalışırdılar. Onlar yaxşı bilirlər, nə qədər ki, möhtərəm Heydər Əliyev ölkəmizin prezidentidir, heç vaxt Azərbaycanın dövlətçiliyinin ziddinə hərəkət edə bilməyəcəklər. Buna cəhd etmiş olsalar belə, Azərbaycan xalqı üçün təhlükə yarada bilməyəcəklər. Çünki Heydər Əliyevin dəmir iradəsi və müdrik siyasəti onların çirkin əməllərinin qarşısını alacaqdır.

APARICI: Tarixin yaddaşından heç nə silinmir. Faciələrdən bəhrələnib siyasi oyunbazlıq edən və Qarabağı qara yurdda qoyan Ayaz Mütəllibov və bu gün parçalana-parçalana gedən AXCP-Müsavat cütlüyü, qəribə də olsa, yenə siyasi meydanda birləşmək fikrinə düşüblər. Həmişə Ayaz Mütəllibova müstəqilliyimizin, suverenliyimizin düşməni, Rusiyadakı imperiyapərəst qüvvələrin buyruq qulu kimi baxan İsa Qəmbər bu gün heç nə olmayıbmış kimi, onunla siyasi işbirliyi qurmaq üçün dəridən-qabıqdan çıxır.

Dünən düşmən saydığı Ayaz Mütəllibovla indi canbir qəlbdə olmaq istəməsi onu göstərir ki, İsa Qəmbər üçün önəmli olan dövlətçiliyimiz, müstəqilliyimiz yox, hakimiyyəti ələ keçirməkdir. Onların düşmənçiliyini bu gün saxta dostluğa çevirən də hakimiyyəti qamarlamaq ehtirasıdır. Bütün bunları biz demirik, onların hərəkətlərindən doğan məntiq bunu deyir.

Lakin nə Ayaz Mütəllibov, nə də İsa Qəmbər unutmamalıdırlar ki, xalq onların törətdikləri cinayətləri, tökdükləri günahsız qanları, etdikləri xəyanətləri heç vaxt yaddan çıxarmayıb və çıxarmayacaqdır. Elə buna görə də onların təzədən hakimiyyət sövdası, xülyası ilə yaşamaları iflasa məhkumdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib