İDMAN


İHİF-in baş katibi: Beynəlxalq həmrəylik tennis çempionatının uğurlu təşkilinə görə Azərbaycana minnətdaram

Bakı, 23 iyul, AZƏRTAC 

İslam dəyərlərini təbliğ edən beynəlxalq həmrəylik tennis çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana minnətdaram. Bu çempionat ötən il Bakıda uğurla keçirilən IV İslam Həmrəyliyi İdman Federasiyasının irsini təbliğ etmək məqsədilə təşkil olunub. İkinci beynəlxalq həmrəylik tennis çempionatının keçirilməsi işində İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) ilə Azərbaycan Milli Olimpiya Komitəsi arasında səmərəli əməkdaşlıqdan məmnunam.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən ikinci beynəlxalq həmrəylik tennis çempionatının açılış mərasimində iştirak edən İHİF-in baş katibi Mohammed Saleh Al-Qarnas jurnalistlərə müsahibəsində deyib.

Baş katib qeyd edib: “Müsəlman ölkələrində həmrəyliyin, əməkdaşlığın, eləcə də idmanın inkişafına töhfələrinə, xüsusilə Bakıda IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsində vacib dəstəyinə görə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. İHİF-in əsas hədəflərindən biri də müsəlman ölkələrinin idmançılarını hər il müxtəlif ölkələrdə keçirilən idman yarışlarında bir araya gətirmək, ortaq idman irsi formalaşdırmaqdır. Növbəti bir neçə ildə idmanın müxtəlif növləri üzrə bir çox yarışlar təşkil edəcəyik”.

Azərbaycanda, xüsusən gözəl Bakı şəhərində olmaqdan məmnunluğunu bildirən qonaq çempionatda 15 ölkənin təmsil edildiyini diqqətə çatdıraraq deyib: “Gələcəkdə bu turnirdə 20-dən çox ölkənin idmançılarının iştirak etməsini planlaşdırırıq. Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) ilə İHİF arasında imzalanan Anlaşma Memorandumunda nəzərdə tutulan bütün tədbirləri gələn il həyata keçirmək niyyətindəyik. Biz İHİF olaraq, MOK ilə uğurlu əməkdaşlığı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə də inkişaf etdirməkdə maraqlıyıq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.