MƏDƏNİYYƏT


III “Azerbaijan Design Award” müsabiqəsinin qalibləri elan edilib

Bakı, 23 iyun, AZƏRTAC

Mədəniyyət Nazirliyinin dəstəyi və “Azərbaycan Dizaynerlər Assosiasiyası”nın təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində yerli və beynəlxalq dizaynerlərin III “Azerbaijan Design Award” müsabiqəsinin final tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərdən danışaraq deyib: “Xalq olaraq biz bu coğrafiyada və tarixdə həmişə dizayn işi ilə məşğul olmuşuq. Bizdən qabaq bu torpaqlarda yaşayan əcdadlarımız həmişə dövlət, bayraq, fikir, fəlsəfə dizaynı veriblər. Bu, zamanla bizim mədəniyyətimizin bir hissəsinə çevrilib”.

Tariximizin yeni səhifəsində bizim və bizdən sonrakı nəsillərin üzərinə düşən böyük məsuliyyətdən danışan nazir müavini, işğaldan azad edilən torpaqlarla bu coğrafiyanın dizaynında böyük bir dəyişikliklər edildiyini diqqətə çatdırıb: “Hesab edirəm ki, bu uğurumuz müasir Azərbaycan cəmiyyətinə, gənclərə, bütün nəsillərə fərqli motivasiya verməlidir. Bizim bu gün burada rahat şəkildə belə tədbirləri keçirməyimiz, ilk növbədə, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında şücaət göstərən Ordumuzun, əsgərlərimizin səylərinin nəticəsidir”, - deyə E.Əliyev söyləyib. Bu cür tədbirlərin önəmindən danışan nazir müavini belə görüşlərin yeni istedadların və kreativ düşüncə sahiblərinin üzə çıxarılmasında yardımçı olduğunu vurğulayıb.

Azərbaycan Dizaynerlər Assosiasiyasının sədri və müəllifi Rəhim İsmayıl, sədr müavini Ramin Nəsirov, Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə Heyətinin sədri Vasif Eyvazzadə, müasir incəsənət rəssamı Faiq Əhməd, eləcə də dizaynerlər Knyaz Yaqubov, Nizami Ağa bu müsabiqə haqqında geniş məlumat verərək, tədbirin əhəmiyyətindən söhbət açıblar.

Daha sonra “Şuşa İli”, “Sənaye”, “Tətbiqetmə”, “İnteryer”, “Eksteryer”, “Reklam”, “İllüstrasiya”, “Qablaşdırma”, “Brendinq”, “Veb”, “Çap” dizaynları nominasiyası üzrə I, II və III yerlərin qalibləri elan olunub.

Qeyd edək ki, 2018-ci ildən etibarən keçirilən “Azerbaijan Design Award” müsabiqəsi ölkənin ən böyük canlı dizayn auditoriyasını özündə cəmləşdirərək, dizayn sahəsinin inkişafı istiqamətində görülən işlərə böyük töhfə verir. Yerli və beynəlxalq dizaynerlər üçün tamamilə ödənişsiz təşkil olunan müsabiqə ölkədə dizayn bacarıqlarını inkişaf etdirmək və istedadlı şəxsləri üzə çıxarmaq məqsədini daşıyır. Müsabiqə çərçivəsində müxtəlif mövzular üzrə yerli və xarici dizaynerlər tərəfindən təqdim olunan layihələr Azərbaycandan olan mütəxəssislər də daxil olmaqla beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.