MƏDƏNİYYƏT


III Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı ölkənin bir neçə bölgəsində eyni vaxtda keçiriləcək

Bakı, 12 avqust, AZƏRTAC

Əsas fəaliyyətini sənədli filmlər və müzakirələr vasitəsilə gender məsələlərini ölkəmizdə diqqət mərkəzində saxlayan festivalın builki şüarı “Bizdən sizə kim düşə?” olacaq.

Festival çərçivəsində, eyni zamanda, seçilən filmlər “Ən yaxşı uzun metrajlı film”, “Ən yaxşı qısametrajlı sənədli film” və “Ən yaxşı yerli sənədli film” kateqoriyası üzrə yarışacaqlar. Bundan başqa, əlavə çoxsaylı yerli və beynəlxalq uzun və qısametrajlı sənədli filmin, master-klassların, panel müzakirələrin, filmlərdən sonra müzakirə sessiyalarının yer aldığı zəngin festival proqramı filmsevərlərin yolunu gözləyir. Müxtəlif ölkələrin kinematoqrafçılarının qonaq olacağı festival proqramının bütün filmləri orijinal dilində azərbaycanca altyazı ilə nümayiş olunacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirlər III Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı ilə bağlı keçirilən mətbuat konfransında Festivalın media və kommunikasiya meneceri Aygül Qurbanova deyib.

Festivalın proqramını diqqətə çatdıran Aygül Qurbanova bildirib ki, “Festivallardan seçmələr” bölməsi nüfuzlu festivallardan mükafatlar qazanmış son illərin ən məşhur sənədli filmləri ilə zəngindir. Qeyd edib ki, dünya premyerasını 2019-cu ilə “Sundance” film festivalında etmiş Tamara Kotevska və Lyubomir Stefanov tərəfindən çəkilmiş “Bal ölkəsi” ekran əsəri bu bölmənin ən parlaq filmlərindən biridir.

“Bal ölkəsi” ekran əsəri “Sundance” film festivalında üç mükafat və 92-ci akademiya mükafatlarında “Ən yaxşı beynəlxalq bədii film” və “Ən yaxşı sənədli film” kateqoriyalarında iki nominasiya daxil olmaqla, kinofestivallarda çoxsaylı mükafatlar və nominasiyalar qazanıb. “Bal ölkəsi” filmi Oskar tarixində hər iki kateqoriya üzrə nominasiya qazanan ilk sənədli filmdir”, - deyə Aygül Qurbanova əlavə edib.

Müsabiqə proqramında iştirak edəcək yerli və beynəlxalq müəlliflərə məxsus uzun və qısametrajlı sənədli filmlərin artıq məlum olduğunu deyən festivalın təsisçisi Aygün Rəşidova bildirib ki, seçki komissiyasının onlarla film arasından seçdiyi bu filmlər yerli və xarici münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

A.Rəşidova festivalboyu keçiriləcək ustad dərslərilə bağlı da fikirlərini bölüşüb: “Film nümayişlərindən əlavə festivalın proqramı xarici rejissorların ustad dərsləri və müxtəlif başlıqlı panel müzakirələrlə də zəngindir. İstər gender məsələləri, istər sənədli film mövzuları barəsində aparılacaq panel müzakirələr festival boyu davam edəcək. Müxtəlif ölkələrin kino mütəxəssisləri Jean Mouin, Marina Belikova, “Bal ölkəsi” filminin rejissorlarından Tamara Kotevska da ustad dərsləri verən müəlliflər sırasındadır”.

Qeyd edək ki, festival avqustun 13-dən 20-dək Bakı, Şəki, Lənkəran şəhərlərində eyni anda keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.