İQTİSADİYYAT


İİTKM və Dünya Bankı “Monitorinq və qiymətləndirmə” mövzusunda təlimlərə başlayıb

Bakı, 31 oktyabr, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Dünya Bankı ilə birlikdə “Monitorinq və qiymətləndirmə” mövzusunda təlimlərə start verilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, təlim Dünya Bankının monitorinq və qiymətləndirmə ekspertləri tərəfindən oktyabrın 31-də noyabrın 2-nə kimi keçiriləcək. Əsasən dövlət qurumlarının əməkdaşları üçün təşkil olunan təlimdə monitorinq və qiymətləndirmə sisteminə uyğun olaraq, istiqamətlər üzrə mövcud problemlər qabardılıb, görüləcək işlər barədə əsas prioritetlər müəyyənləşib və tövsiyələr təqdim olunub.

İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bildirib ki, İİTKM-in monitorinq və qiymətləndirmə üzrə instutisional inkişafında beynəlxalq təşkilatlarla əməkdaşlıq mühüm rol oynayır. Xüsusən də monitorinq və qiymətləndirmə metodologiyasının inkişaf etdirilməsində beynəlxalq təcrübənin öyrənilməsi əhəmiyyətlidir.

Daha sonra Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Həsən Naqvi danışıb. O bildirib ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Strateji Yol xəritələri ilə bərabər həm də rəqəmsal ödənişlər, məşğulluq və digər dövlət proqramlarının monitorinq və qiymətləndirməsini uğurla həyata keçirən bir qurumdur: “Dünya Bankı İİTKM-in institusional inkişafı üçün Türkiyə, Koreya, Malayziya və başqa ölkələrin təcrübəsinin öyrənilməsi və tətbiqi istiqamətində layihələr həyata keçirir. Hazırda İİTKM-in monitorinq və qiymətləndirmə institutu dövlət idarəetməsinin daha da təkmilləşdirilməsində mühüm rol oynayır”.

Qeyd edək ki, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə Strateji Yol xəritələrində nəzərdə tutulan fəaliyyətlərlə bağlı monitorinq, qiymətləndirmə və kommunikasiya tədbirlərinin həyata keçirilməsi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə həvalə edilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi eyni zamanda bir sıra digər dövlət proqramlarının da monitorinq və qiymətləndirməsini həyata keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.