CƏMİYYƏT


İİV infeksiyasına yoluxma halları əsasən narkotik maddələrin inyeksiyası zamanı baş verir

Bakı, 29 noyabr, AZƏRTAC

Azərbaycanda da aktual olan İİV/QİÇS problemi Səhiyyə Nazirliyinin nəzarətindədir. Azərbaycan İİV infeksiyasına ən az yoluxma hallarının olduğu ölkələr sırasına daxildir. Bu xəstəlik, başlıca olaraq, xüsusi risk qrupuna aid olan narkomanlar arasında yayılıb və İİV infeksiyasına yoluxma halları əsasən narkotik maddələrin inyeksiyası zamanı baş verir.

Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzində AZƏRTAC-a bildiriblər ki, ölkəmizdə QİÇS ilk dəfə 1987-ci ildə aşkar edilib və qeydə alınıb. O vaxtdan cari ilin martın 1-dək Mərkəzdə rəsmən İİV infeksiyasına yoluxmuş 5798 nəfər qeydə alınıb. Onlardan 4 121-i (71,1 faizi) kişilər, 1677-si (28,9 faizi) isə qadınlardır. Bu müddət ərzində 2057 nəfər QİÇS mərhələsinə keçib, 899 virus daşıyıcısı isə dünyasını dəyişib. İİV infeksiyasına yoluxanların 45,4 faizi bu virusa narkotik maddələr, 42,5 faizi heteroseksual və 2,4 faizi homoseksual əlaqələr vasitəsilə və 1,8 faizi anadan uşağa keçməklə yaxalanıb. Bundan başqa, 8 faizin yoluxma səbəbi müəyyən olunmayıb.

Qeyd olunub ki, əhali arasında mütəmadi olaraq maarifləndirimə işi aparılır, bu problemlə bağlı beynəlxalq təşkilatlarla əməkdaşlıq davam edir.

Bundan başqa, Ailə Məcəlləsinə edilən dəyişikliklərlə bağlı, həmçinin bir sıra normativ aktların təsdiq olunması ilə əlaqədar 2015-ci il iyunun 1-dən etibarən nikah münasibətlərinə girmək üçün müraciət edənlər tibbi müayinədən keçməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.