İDMAN


II Avropa Oyunları dövründə idmançılar dərmanları pulsuz ala biləcəklər

Bakı, 12 yanvar, AZƏRTAC

Minskdə keçiriləcək II Avropa Oyunları dövründə Olimpiya Kəndində yaşayan idmançılar zəruri dərmanları pulsuz ala biləcəklər.

AZƏRTAC xəbər verir ki, Belarus Respublikası səhiyyə nazirinin birinci müavini Dmitri Pineviç bu məlumatı “2019-cu il II Avropa Oyunlarının tibbi və antidopinq təminatı məsələləri” mövzusunda respublika maarifləndirici seminarında açıqlayıb.

D.Pineviç deyib: “İdman obyektlərində və atletlərin yaşadığı yerlərdə ilk dəfə olaraq ayrı-ayrı poliklinikalar işləyəcək. Məsələn, Olimpiya kəndində idmançılar zəruri dərmanları pulsuz ala biləcəklər”.

“2019-cu il II Avropa Oyunlarının müdiriyyəti” fondunun direktoru Georgi Katulin qeyd edib ki, II Avropa Oyunlarına hazırlıq dövründə əsas funksional istiqamətlərdən biri tibbi və antidopinq təminatıdır. O deyib: “Dünya Antidopinq Agentliyinin müstəqil ekspertləri Olimpiya kəndində yaşamaq imkanı almaq üçün müraciət ediblər. Bütün bunlar hadisələrin mərkəzində olmaq və antidopinq nəzarətini həyata keçirmək üçün edilir”.

Orta hesabla hər 4 idmançıdan biri onun orqanizmində dopinq olub-olmamasını müəyyən etmək üçün yoxlamadan keçəcəkdir. Sınaq nümunələrinin sayı mindən çox olacaq. İdmanın bəzi növlərində atletlər bu proseduru bir neçə dəfə keçməli olacaqlar.

II Avropa Oyunları iyunun 21-dən 30-dək Minskdə keçiriləcək. Oyunlarda 50 ölkədən 4 mindən çox atlet iştirak edəcək. 15 idman növündə 199 mükafat dəsti uğrunda mübarizə gedəcək. 9 idman növündə yarışlar Tokioda keçiriləcək Olimpiya Oyunları üçün təsnifat mərhələsi hesab ediləcək.

Xatırladaq ki, Birinci Avropa Oyunları 2015-ci il iyunun 12-dən 26-dək Bakıda keçirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.