REGİONLAR
II Nügədi-Rustov avtomobil yolunun əsaslı təmirinə başlanılıb VİDEO
Bakı, 11 oktyabr, AZƏRTAC
Quba rayonu II Nügədi-Rustov avtomobil yolunun əsaslı təmirinə başlanılıb.
Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.
Məlumata əsasən, II Nügədi-Rustov avtomobil yolunun uzunluğu 8 kilometr, hərəkət hissəsinin eni isə 7 metr təşkil edir.
Təmir-tikinti işləri çərçivəsində yolboyu zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılır.
Yolun hərəkət hissəsi hazır olan yerlərə yeni ikiqat asfalt-beton örtüyünün döşənməsi işləri də görülür. Ümumilikdə isə yolun 50 min kvadratmetrdən çox sahəsinin asfaltlanması nəzərdə tutulub.
Həmçinin Rustov kəndinin girişində, Caqacuq çayı üzərində yerləşən və 110 metr uzunluğa malik avtomobil körpüsünün də əsaslı şəkildə təmiri nəzərdə tutulub. Təmir işləri zamanı körpüyə beton məhəccərlər quraşdırılacaq, körpüdə əlavə bərkitmə işləri görüləcək və üstü asfaltlanacaq.
Bütün işlər texnoloji ardıcıllığa riayət edilməklə həyata keçirilir və qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Təmir-tikinti işləri yekunlaşdıqdan sonra zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolun üfüqi nişanlanması xətləri çəkiləcək.
Qeyd olunub ki, sözügedən avtomobil yolunun əsaslı şəkildə təmiri ilə 5 yaşayış məntəqəsinin (II Nügədi, Püstəqasım, Dəhnə, Güneyməhlə və Rustov kəndləri) 12 min əhalisinin gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişindaşıması asanlaşacaq.