ELM VƏ TƏHSİL


II Xarıbülbül ümumrespublika yaradıcılıq müsabiqəsi keçirilib

Bakı, 11 may, AZƏRTAC

Mayın 11-də Dendrologiya İnstitutunda Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində II Xarıbülbül rəsm və əl işlərindən ibarət ümumrespublika yaradıcılıq müsabiqəsi keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, əvvəlcə tədbir iştirakçıları müsabiqəyə təqdim olunmuş rəsm əsərləri ilə tanış olublar.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində torpaqlarımızın işğaldan azad edilməsindən danışıb, bu kimi tədbirlərin keçirilməsinin gənclərin asudə vaxtlarında intellektual səviyyələrini inkişaf etdirmələrində mühüm rol oynadığını bildirib. Akademik Arif Həşimov məktəbəqədər yaşlı uşaqlara, orta məktəb şagirdlərinə və gənclərə Vətənə məhəbbət hisslərini aşılamaqda, onların dünyagörüşlərinin formalaşmasında maarifləndirici xarakterli belə tədbirlərin təşkilini dəstəklədiyini vurğulayıb.

Akademik sərgi iştirakçılarının əsərlərinin onların Azərbaycan həqiqətlərinə dərindən bələd olduqlarını göstərdiyini söyləyib, bu baxımdan Azərbaycan dövləti və xalqının gələcəyinin etibarlı əllərdə olduğunu vurğulayıb. Gənclərimizlə fəxr etdiyini deyən Arif Həşimov onların valideynləri və müəllimlərinə minnətdarlığını bildirib, yaradıcı gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov deyib: “Böyük dövlət xadimi Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrdə elə bir Azərbaycan tablosu yaradıb ki, məhz onun strategiyasını uğurla davam etdirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tarixi torpaqlarımızı azad etməyə nail oldu. Bu gün biz torpaqlarımızın yadelli əsarətindən azad olunması uğrunda şəhid olmuş qəhrəmanlarımızı dərin hörmət və minnətdarlıqla yad edir, onların ölməz ruhu qarşısında baş əyirik. Bugünkü sərgidə iştirak etməklə bir daha necə böyük bir istedada malik xalqın nümayəndələri olduğumuza əmin olduq. Qədim, zəngin və çoxəsrlik tariximizi mənimsəyərək yaşadan gənc istedadları xalqımıza layiqli vətəndaşlar kimi formalaşdıran müəllimlərə dərin minnətdarlığımızı bildiririk”.

AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova gənclərin intellektual səviyyələrini inkişaf etdirmək üçün belə müsabiqələrin keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib. O, sərgidə insanlarımıza və təbiətimizə qarşı erməni cəlladlarının həyata keçirdikləri cinayətləri, hərb tarixinə qızıl hərflərlə yazılmış Şuşa döyüşlərini, şəhid və qazilərimizə aid rəsm əsərlərini diqqətlə izlədiyini söyləyib. Vitse-prezident II Xarıbülbül mövzusunda müsabiqə formatında uşaq və gənclərin inkişafının təşviqi, ekoloji mədəniyyətin formalaşdırılmasında yaradıcılığa cəlb edilməsi, onlarda Vətənə, elmə, təbiətə maraq yaratmaqla, belə tədbirlərin təşkilinin sevindirici hal olduğunu vurğulayıb.

Qeyd edib ki, 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı Qələbəsi ilə nəticələndi. Vətən müharibəsinin hər gününü Azərbaycan tarixinə şərəfli bir gün kimi yazaraq igid oğullarımız dayanmadan irəliyə getdi. Qarış-qarış azad edilmiş doğma torpaqlarımızda müqəddəs üçrəngli Azərbaycan bayrağı dalğalandı.

“Ulu öndər Heydər Əliyev Qarabağın tacı olan Şuşa şəhərinin hər bir azərbaycanlı üçün dəyərini qiymətləndirərkən söyləmişdir: “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə, Azərbaycan yoxdur!”. Bu, Şuşanın bizim üçün nə dərəcədə dəyərli olduğunun bariz nümunəsi idi. Azərbaycan xalqı otuz ilə yaxın müddət ərzində işğal altında olan Şuşanın həsrəti ilə yaşadı, lakin bu ədalətsizliklə barışmadı. İnanırıq ki, 2022-ci ilin “Şuşa İli” elan edilməsi 270 illiyi qeyd olunacaq doğma Şuşa şəhərimizin daha da çiçəklənməsinə, tamamilə bərpa olunmasına, onun əvvəlki əsrarəngiz gözəlliyinin və möhtəşəmliyinin geri qaytarılmasına, yenidən Azərbaycanın mədəniyyət paytaxtına çevrilməsinə töhfələr verəcək”, – deyə İradə Hüseynova diqqətə çatdırıb.

Cari ilin sentyabrında Şuşa şəhərində AMEA-nın təşkilatçılığı ilə “Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları: gələcəyə baxış” mövzusunda konfransın keçiriləcəyini diqqətə çatdıran vitse-prezident sözügedən tədbirdə də bu kimi sərgilərin təşkilinin məqsədəuyğun olduğunu söyləyib.

Dendrologiya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Tofiq Məmmədov institutun təşkilatçılığı ilə silsilə olaraq təşkil edilən əyləncəli, metodik layihələrdən bəhs edib. O, Azərbaycanı gənc nəslə tanıtmaq, Vətən müharibəsində həmrəylik və birliyimizin qorunmasını, Vətən uğrunda fədailik və şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızı tərənnüm etmək, gənc rəssamların bacarıqlarını inkişaf etdirmək məqsədilə bu kimi tədbirlərin təşkilinin davam etdiriləcəyini vurğulayıb.

Məktəblilərin hazırladıqları şeir və rəqs nömrələrindən ibarət kompozisiyalar təqdim olunduqdan sonra müsabiqənin Təşkilat Komitəsi qaliblərin adlarını açıqlayıb. İlk üç yerin qalibinə diplom və pul mükafatları təqdim olunub.

Qeyd edək ki, II Xarıbülbül müsabiqəsinə ideyası, rəng seçimi və kompozisiyaların motivi əsas götürülməklə, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasından, AMEA-nın müxtəlif institutlarından, Lənkəran-Astara, Gəncə, Qazax və digər bölgələrdən qatılan gənc və yeniyetmələrin 400-dək rəsm və əl işi təqdim olunub. Müsabiqənin təşkil edilməsində məqsəd Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın, Qarabağın çoxəsrlik mədəni-tarixi irsini daha dərindən mənimsəmək, Vətən müharibəsində Azərbaycan Ordusunun nümayiş etdirdiyi şücaəti gənc rəssamların gözü ilə cəmiyyətə çatdırmaq olub. Tədbirdə könüllü yeniyetmələr ən çox 3 əsər təqdim etməklə iştirak ediblər. Seçim zamanı əl işlərinə kənar müdaxilənin olmaması, həmçinin kompozisiyanın motivi və ideyası əsas götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.