MƏDƏNİYYƏT
İKİNCİ RESPUBLİKA TURİZM KONFRANSI
“Avropa” mehmanxanasında ikinci respublika turizm konfransı keçirilmişdir. Konfransda turizm şirkətlərinin rəhbərləri, Gənclər, İdman və Turizm Nazirliyi rayon idarələrinin nümayəndələri iştirak edirdilər.
Gənclər, idman və turizm naziri Əbülfəz Qarayev konfransı açaraq bildirdi ki, 2002-2005-ci illərdə turizmin inkişafı üzrə dövlət proqramının həyata keçirilməsinə dair tədbirlərin, Dünya Turizm Təşkilatının baş katibi Françesko Franjiallinin Azərbaycana səfərinin yekunlarının, habelə bu ilin noyabrında Londonda keçiriləcək beynəlxalq turizm sərgisində nümayəndə heyətimizin iştirakı məsələsinin müzakirəsi konfransın başlıca mövzusudur. Nazir Azərbaycan Prezidenti Heydər Əliyevin Sərəncamına əsasən hazırlanmış dövlət proqramının əhəmiyyətindən danışarkən dedi ki, bu, müstəqil Azərbaycanda qəbul edilmiş və turizmin inkişafına yönəldilmiş ilk belə sənəddir. O, respublikamızın iqtisadiyyatı üçün böyük əhəmiyyəti olan bu sahəyə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Əbülfəz Qarayev dedi ki, bu yaxınlarda Azərbaycan hökuməti, BMT-nin İnkişaf Proqramı və Dünya Turizm Təşkilatı arasında ölkəmizdə turizmin inkişafına dair üçtərəfli saziş də imzalanacaqdır.
Turizm şirkətlərinin nümayəndələri, nəqliyyat naziri Ziya Məmmədov, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Dövlət Torpaq və Kartoqrafiya Komitəsinin sədri Qərib Məmmədov konfransda çıxış edərək, Azərbaycanda güclü turizm infrastrukturunun yaradılmasına dair təkliflər verdilər.