İKİ FRANSIZ JURNALİSTİ GİROV GÖTÜRÜLMÜŞDÜR
AzerTAg.az
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Qətərin “Əl-Cəzirə” televiziyası özlərini “İraqdakı İslam ordusu”nun üzvləri kimi qələmə verən radikal qrup tərəfindən iki fransız jurnalistinin girov götürülməsi barədə videosüjet nümayiş etdirmişdir. Jurnalistləri girov götürənlər Fransa məktəblərində müsəlman qızlarının baş örtüyü ilə gəlmələrini qadağan edən qanunun ləğv edilməsi üçün hökumətə 48 saat vaxt vermişlər.
Girov götürülən jurnalistlərin avqustun 19-da Bağdadda yoxa çıxmış Fransa radiosunun əməkdaşı Kristian Kesno və “Lö Fiqaro” qəzetinin xüsusi müxbiri Jorj Malbrüno olduğu güman edilir.
Fransanın Xarici İşlər Nazirliyi və Yelisey sarayı ilk anlar girovlar barədə məlumatları olmadıqlarını bildirmişlər. Prezidentin mətbuat xidməti bu barədə diplomatik kanallar vasitəsilə tezliklə düzgün məlumat alınacağı barədə xəbər yaymışdır.
Nəhayət, şənbə günü ölkənin Xarici İşlər Nazirliyi xəbərin doğruluğunu təsdiqləmiş və hər iki jurnalistin azad olunması üçün bütün vasitələrdən istifadə olunacağını bəyan etmişdir.
Xatırladaq ki, fransız jurnalistlərini girov götürmüş “İraqdakı islam ordusu” İraqda girov götürdükləri italiyalı jurnalist Enzo Baldonini bir neçə gün bundan əvvəl qətlə yetirmişdir.
Xəbərin mətnində orfoqrafik səhv var