ELM VƏ TƏHSİL
İKT əsaslı texnoloji innovasiya iqtisadiyyatı sektorlarının formalaşması və idarə olunması xüsusiyyətləri tədqiq edilib
Bakı, 17 may, AZƏRTAC
İnformasiya Texnologiyaları İnstitutunda “İKT əsaslı texnoloji innovasiya iqtisadiyyatı sektorlarının formalaşması və idarə olunması xüsusiyyətlərinin tədqiqi” mövzusunda onlayn elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev məruzə ilə çıxış edib. O, Azərbaycan iqtisadiyyatında ənənəvi sahələrin və yeni sektorların inkişaf etdirilməsi, texnoloji innovasiya iqtisadiyyatı sektorlarının formalaşmasında İKT-nin tətbiqi problemləri və perspektiv vəzifələrindən söz açıb.
Ə.Əliyev tədqiqat işində bəzi qlobal İKT, innovasiya və iqtisadi indekslər üzrə Azərbaycanın mövcud vəziyyətinin təhlil edildiyini bildirib. O, həmçinin mobil sistem və texnologiyaların iqtisadi xüsusiyyətləri, əşyaların interneti, kiberfiziki sistemlər və süni intellekt iqtisadiyyatının xüsusiyyətləri, yeni (informasiya, bilik və texnoloji) iqtisadiyyat sahələri barədə məlumat verib.
Şöbə müdiri 2025-ci ilədək Azərbaycanda da müasir texnologiyalara əsaslanmaqla, dünya bazarlarına və maliyyə vəsaitlərinə çıxış imkanlarını təmin edən rəqabət mühitinin yaradılacağını diqqətə çatdırıb. Bildirib ki, ümumilikdə 2025-ci ildən sonrakı dövrdə əmək bazarının tənzimlənməsi həyata keçirilərkən yüksək texnologiyaların, o cümlədən “ağıllı” maşınların və sistemlərin tətbiqi, həmçinin kommunikasiya imkanlarının genişlənməsi kimi amillərin təsiri nəzərə alınacaq. Azərbaycanda nəzərdə tutulan İKT əsaslı texnoloji innovasiya iqtisadiyyatı sektorları inkişaf etdikcə mobil idarəetmə, mobil bulud, mobil hökumət, mobil nəqliyyat vasitələri və digər bu kimi sahələrin də inkişafına yeni imkanlar yaranacaq. Yeni texnoloji innovasiya iqtisadiyyatı sektorlarının formalaşma istiqamətlərində IV Sənaye İnqilabı komponetlərinin inkişafının innovasiya iqtisadiyyatına verəcəyi töhfələr və hazırkı dövr üçün keçid tələblərinin nəzərə alınması zəruri məsələlərdən hesab olunmalıdır.
Seminarda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.