İQTİSADİYYAT
İKT şirkətləri və startaplar Vergi Məcəlləsində edilmiş dəyişikliklər barədə məlumatlandırılıb
Bakı, 14 fevral, AZƏRTAC
Fevralın 14-də İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun təşəbbüsü, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar (NRYTN) və Vergilər nazirliklərinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilən dəyişikliklərlə bağlı İKT şirkətləri və startaplar üçün məlumat sessiyası keçirilib.
NRYTN-dən AZƏRTAC-a bildirilib verir ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Azərbaycan hökumətinin ölkədə sahibkarlığın, o cümlədən startapların inkişaf etdirilməsinə böyük diqqət ayıraraq onlar üçün münbit ekosistem yaratdığını deyib. Bildirib ki, buraya texnoparklardakı fəaliyyətdən tutmuş zəruri maliyyə dəstəyi, vergi və gömrük güzəştləri də daxildir.
Nazir müavini əlavə edib ki, nazirliyin tabeliyində fəaliyyət göstərən İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən bu gün innovativ sahibkarlıq fəaliyyətinin inkişafı üçün kiçik və orta sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərilir.
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru vəzifəsini icra edən Azər Bayramov qeyd edib ki, dördüncü sənaye inqilabı dövrü innovativ sahibkarlığın inkişafını tələb edir: “Bugünkü tədbir innovativ sahibkarlığın ölkədə inkişafı ilə bağlı görülən işlərə, xüsusilə də Vergi Məcəlləsində edilmiş dəyişikliklərə həsr olunub”.
Onun sözlərinə görə, ölkədə fəaliyyət göstərən startaplar və İKT şirkətləri qeyri-neft sektorunun innovativ inkişafına töhfə verə biləcək sahibkarlıq subyektləridir. Hazırkı dəyişikliklər İKT sahəsində sahibkarlığın stimullaşdırılması və inkişafına dəstək olacaq.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyəti sədrinin müavini Elçin İbrahimov bildirib ki, agentliyin fəaliyyətinin məqsədi mikro, kiçik və orta sahibkarlıq fəaliyyətinin tənzimlənməsində iştirak etmək, sahibkarların maliyyə resurslarına çıxış imkanlarını genişləndirmək və onlara institusional dəstək mexanizmlərini təkmilləşdirərək, dövlət və özəl qurumların bu sahədə fəaliyyətini əlaqələndirməkdir.
Vergilər Nazirliyinin aparatının rəhbəri Nazim Səmədov Vergi Məcəlləsindəki dəyişikliklərin mikro və kiçik sahibkarlara, o cümlədən startaplara yaradacağı üstünlüklərdən danışıb.
Tədbirdə Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə bağlı İKT şirkətlərinə və startaplara ətraflı məlumat verilib, mikro və kiçik sahibkarlıq subyektləri üçün yeni vergi güzəştləri və İKT sahəsində fəaliyyət göstərən sahibkarları maraqlandıran digər məsələlər haqqında müzakirələr aparılıb.
Tədbirdə “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli Qanununun tətbiqi barədə Prezident İlham Əliyev tərəfindən 2018-ci il dekabrın 20-də imzalanmış müvafiq Fərman ətraflı şərh edilib. Startaplar üçün nəzərdə tutulan vergi güzəştləri və bu güzəştlərin tətbiqi mexanizmləri barədə geniş fikir mübadiləsi olub.