ELM VƏ TƏHSİL
İKT üzrə təlimlərdə 3 min 780 təhsil işçisi iştirak edib
Bakı, 2 oktyabr, AZƏRTAC
Təhsilverənlərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə İKT-nin təhsildə tətbiqi üzrə təlimlər keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, 7 ay ərzində davam edən təlimlərdə 3 min 780 təhsil işçisi iştirak edib. Təlimlər 21 şəhər və rayonu əhatə edib.
Təlim proqramları iştirakçıların nəzəri və praktik bacarıqlarının artırılmasına və İKT-nin tədris prosesində tətbiqi üzrə vərdişlərin formalaşmasına yönəldilib.
Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi ilə “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi arasında imzalanmış müqaviləyə əsasən keçirilən təlimlər İKT üzrə savadlılığın artırılması, tədris prosesində interaktiv texnologiyalar, elektron məzmun, layihə metodikası və müasir tədris strategiyalarından istifadə istiqamətləri üzrə təşkil olunub.
Təlimlərin nəticəsi olaraq Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən iştirakçıların yekun qiymətləndirilməsi aparılacaq və təhsil işçilərinə sertifikatlar təqdim olunacaq.