SİYASƏT
İLHAM ƏLİYEV AŞPA, UKRAYNA VƏ BİR ÇOX DİGƏR MƏSƏLƏLƏR BARƏDƏ
Kiyevdə çıxan həftəlik “2000” qəzeti cari ilin 25 aprel–1 may nömrəsində Avropa Şurası Parlament Assambleyası Sədrinin müavini və Büro üzvü İlham Əliyevin “Biz Avropa Şurasının Sov.İKP MK-ya çevrilməsini istəmirik” başlığı altında böyük müsahibəsini dərc etmişdir.
İlham Əliyev müsahibəsində jurnalistin bir sıra suallarına cavab vermiş, o cümlədən bildirmişdir ki, Avropa Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə birdəfəlik və qəti siyasi qiymət verməli, Ermənistanın təcavüzünü pisləməli və ərazilərimizin 20 faizini zəbt etmiş erməni silahlı qüvvələrinin işğalına son qoymağa və beynəlxalq hüquq normaları çərçivəsində davranmağa məcbur etməlidir. O demişdir ki, Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin əsas vəzifəsi də məhz buna nail olmaqdan ibarətdir.
Müsahibədə Prezident Leonid Kuçmanın ölkələrimiz arasında münasibətlərin inkişafında rolu xüsusi vurğulanır, Azərbaycan və Ukrayna parlamentlərinin AŞPA-dakı nümayəndə heyətləri arasında qarşılıqlı münasibətlərdən, onların əməkdaşlığından, habelə Xəzər neftinin Ukrayna ərazisindən nəqlindən və əməkdaşlığımızın digər sahələrindən geniş bəhs olunur.
İlham Əliyev sərmayələrin cəlb edilməsi işində ölkəmizin uğurlarının sirri, Azərbaycanın gələcəyi və bir çox digər məsələlər barədə də fikirlərini açıqlayır.
Ukrayna jurnalistinin İlham Əliyevə sualları və aldığı cavablar oxucuda onun yüksək mənəvi keyfiyyətləri, Vətəninə, ailəsinə münasibəti barədə kifayət qədər təsəvvür yaradır.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev