İQTİSADİYYAT
İLİN BİRİNCİ YARISINDA 109 ÖLKƏ İLƏ TİCARƏT ƏMƏLİYYATLARI APARILMIŞDIR
2003-cü ilin birinci yarısında respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 109 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 2113302,4 min ABŞ dolları, o cümlədən ixrac 981736,5 min dollar, idxal 1131566 min dollar olmuşdur. İxrac-idxal əməliyyatları üzrə mənfi saldo 149829,5 min ABŞ dolları təşkil etmişdir.
Dövlət Gömrük Komitəsinin Statistika və İnformasiya Texnologiyaları İdarəsindən AZƏRTAC-ın müxbirinə demişlər ki, hesabat dövründə ixrac əməliyyatlarının həcmi ötən ilin altı ayına nisbətən 6,25 faiz (57755,4 min dollar), idxal əməliyyatlarının həcmi isə 57,69 faiz (413999,5 min dollar) artmışdır. İdxal əməliyyatlarının həcmi, əsasən, təbii qazın, avadanlıq və texniki qurğuların, elektrik maşınları və onların hissələrinin, qara metal, kimyəvi maddələr və başqa malların idxalı hesabına artmışdır.